Ərdoğan İsraili hədələdi: Fələstinlilərə kömək üçün İsrailə girə bilərik

  • By admin
  • 29 İyul 2024 10:34

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sensasion bəyanatla çıxış edib.

Gununsesi.info-nun xəbərinə görə, dövlət başçısı bildirib ki, ölkəsi fələstinlilərə kömək üçün İsrailə girə bilər: “Necə ki, Türkiyə bunu daha əvvəl Liviyada və Qarabağda edib”.

Ancaq Türkiyə lideri necə bir müdaxiləni nəzərdə tutduğunu detallı açıqlamayıb.

İsrailin Qəzzadakı əməliyyatlarının kəskin tənqidçisi olan Ərdoğan ölkəsinin müdafiə sənayesinə həsr olunmuş çıxışında müharibədən danışıb. ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşması ötən ilin oktyabrında İsrailə hücum edəndən sonra Qəzzada toqquşmalar başlanıb.

“Biz çox güclü olmalıyıq ki, İsrail Fələstində indi törətdiyi absurd şeyləri edə bilməsin. Necə ki, Qarabağa, Liviyaya girmişik, onlara da eynisini edə bilərik. Edilməyəcək bir şey yoxdur. Yalnız biz güclü olmalıyıq ki, bu addımları ata bilək”.

İsrailin xarici işlər naziri İsrael Kats Ərdoğanın bəyanatını X (keçmiş Twitter) platformasında pisləyib.

“Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hücumla hədələyir. O, İraqda nə baş verdiyni, necə bitdiyini xatırlasa, yaxşı olar”.

 

Afət Abbasova

Gununsesi.info