Türkiyədə terror təşkilatı kimi tanınan və fəaliyyəti qadağan edilmiş FETÖ-nün 2016-cı il iyulun 15-də baş verən çevriliş cəhdindən əvvəl və həmin gecə Prezident Rəcəb Tayyib Ərdoğana qarşı bir neçə sui-qəsd planı hazırladığı iddia olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.
Məlumata görə, Türkiyə Müdafiə Nazirliyinin kibertəhlükəsizlik üzrə keçmiş məsul şəxsi, təqaüddə olan briqada generalı İbrahim Büyükbaş bildirib ki, ilk plan hərbi təlim zamanı həyata keçirilməli idi. Lakin kəşfiyyat orqanlarının aşkar etdiyi şübhəli məqamlar səbəbindən Ərdoğanın həmin tədbirdə iştirakı ləğv edilib.
Onun sözlərinə görə, təhlükəsizlik orqanları sonradan dövlət başçısına qarşı Misirin keçmiş prezidenti Ənvər Sədata edilən sui-qəsd modelinə bənzər hücum hazırlığı barədə də məlumat əldə ediblər.
Büyükbaş qeyd edib ki, daha bir sui-qəsd cəhdi 2016-cı il iyulun 15-də Marmarisdə baş verən çevriliş cəhdi zamanı planlaşdırılmışdı. Lakin Ərdoğan hücumdan əvvəl oteli tərk etdiyindən plan baş tutmayıb. O, həmçinin FETÖ-nün xarici aviaşirkətlərdən birinin təyyarəsində də hücum variantını nəzərdən keçirdiyini iddia edib.
Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdi zamanı 253 nəfər həlak olub, 2200-dən çox insan yaralanıb. Bundan sonra ölkədə genişmiqyaslı istintaq və kadr dəyişiklikləri aparılıb, yüzlərlə şəxs ömürlük həbs cəzasına məhkum edilib.
Firuzə











