Erməni deputat: “Hakimiyyət ölkəni Qərblə Rusiya arasında qarşıdurma platformasına çevirir”

“Ermənistan hakimiyyətinin Rusiyaya qarşı diplomatik addımları ölkə üçün təhlükəli tendensiyaya çevrilir”.

Gununsesi.info “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” blokunun deputatı Armen Rustəmyan jurnalistlərlə söhbəti zamanı deyib.

O bildirib ki, Ermənistan rəhbərliyi Rusiyanın əleyhdarlarının düşərgəsinə çevrilir: “Bu, ölkə üçün dağıdıcı ola bilər”.

A.Rustəmyanın sözlərinə görə, dövlətin yüksək vəzifəli şəxslərinin KTMT və ya MDB formatında keçirilən tədbirlərdə iştirak etməməsi artıq tendensiyaya çevrilir:

“Buna demarşdan başqa bir şey demək mümkün deyil. Əsas təhlükə ondan ibarətdir ki, bu, Rusiya ilə Qərbin qarşıdurması fonunda baş verir. Ermənistan hərəkətləri ilə bu münaqişəni öz ərazisinə köçürür, bu qarşıdurmanın platformalarından birinə çevrilir”.

Deputat hesab edir ki, Ermənistan digər bir düşərgəyə keçir və bu ölkə üçün ağır nəticələnə bilər.

“Ermənistan üçün bu dağıdıcı nəticələrə gətirə bilər”, – deputat deyib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan Belorus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT sammitində iştirak edə bilməyəcəyini deyib. Bundan əvvəl həm Paşinyan, həm də Ermənistanın digər rəsmi şəxsləri Rusiyanın iştirak etdiyi digər platformalarda da tədbirlərə qatılmaqdan imtina ediblər.

 

 

Gununsesi.info