Erməni məktəbləri fransız dilini dərindən öyrənəcək

Ermənistanda, paytaxtda və regionlarda 19 məktəbdə fransız dilinin dərindən öyrənilməsi tətbiq olunacaq.

Gununsesi.info Sputnik Ermənistan-a istinadən xəbər verir ki, müvafiq memorandumu Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan və Fransanın Ermənistandakı səfiri Olivier Decotigny imzalayıblar.

Nazir vurğulayıb ki, bu təşəbbüs erməni məktəblərində fransız dilini inkişaf etdirmək və populyarlaşdırmaq məqsədi daşıyır: “Proqram yeni fransız dili kurslarının tətbiqini, müasir dərsliklərdən və tədris materiallarından istifadəni, həmçinin müəllimlər üçün ixtisasartırmanı nəzərdə tutur”.

Fransa səfiri Olivier Decotigny proqramın əsas məqsədinin düşünülmüş və məqsədyönlü fəaliyyətlər vasitəsilə Ermənistanda fransız dilinin dərindən öyrənilməsini təşviq etmək olduğunu vurğulayıb: “Fransa hökuməti fransız dilinin tədrisinin səviyyəsini yaxşılaşdırmaq üçün 600 min avro ayırır. Bu, bizə tələbələrin öyrənmə ehtiyaclarına daha effektiv cavab verməyə imkan verəcək”.

Nəşr yazır ki, yayda Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi bütün məktəblərə xarici dillərin tədrisi ilə bağlı sirkulyar göndərib.

Sirkulyarda, təhsil müəssisələrinin bir sıra sinifləri üçün rus dili əsas (məcburi) statusundan xarici dil statusuna keçib.

 

 

Şəbnəm

Gununsesi.info