
“Paşinyan mətbuat konfransında Tavuş rayonuna bitişik olan kəndləri Azərbaycana qaytarmağa hazır olduğunu təsdiqləyib. Baş nazir bildirir ki, bu kəndlər Ermənistanın suveren ərazisində deyillər, 1990-cı illərdə müharibə nəticəsində nəzarətə götürülüb. Paşinyanın açıqlamalarından görünür ki, bu, birtərəfli güzəştlə olacaq və Azərbaycan qoşunlarını sərhəddən geri çəkməyəcək”.
Gununsesi.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Nəşr qeyd edir ki, hazırda Tavuş istiqamətindəki 7 kəndin 4-nün qaytarılmasından bəhs edilir: “Söhbət Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərindən gedir”.
“Apaven” yükdaşıma şirkətinin icraçı direktoru Qaqik Ağacanyan deyib ki, dövlətlərası yolun çəkilişi üçün hər kilometrə 5-6 milyon dollar lazımdır: “Söhbət dağlıq ərazidən gedir və əgər körpü tikiləcəksə, bu, daha da baha olacaq, tunellər olarsa, bir qədər də artacaq. Təkcə alternativ yolun çəkilməsi ilə iş bitmir, həm də onun təhlükəsizliyi məsələsi var”.
Bu kəndlərin qaytarılması Ermənistan Konstitusiyasının da dəyişməsini tələb edir. Konstitusiya üzrə ekspert Qohar Meloyan bildirib ki, Ermənistan Konstitusiyası dövlətin ərazisinin yalnız referendum yolu ilə dəyişməsini tələb edib: “Bu, 205-ci maddədə qeyd olunub. Ya konstitusiyanı dəyişməlidirlər, ya da onu pozmalıdırlar”.