
Livanın paytaxtı Beyrutda Azərbaycan səfirliyi qarşısında toplaşan erməni əsilli bir qrup şəxsin təhlükəsizlik qüvvələrinə hücumu nəticəsində 25 polis əməkdaşı yaralanıb.
Gununsesi.info xəbər verir ki, Livanın Daxili İşlər Nazirliyinə tabe olan Daxili Təhlükəsizlik Qüvvələri cümə axşamı təxminən 1500 nəfər erməni əsilli qrupun Azərbaycan səfirliyinə yürüş etməyə cəhd etməsindən sonra baş verən hadisələrlə bağlı yazılı açıqlama yayıb.
Livanın rəsmi NNA agentliyinin yaydığı bəyanatda qeyd olunub ki, erməni əsilli Livan vətəndaşları tərəfindən təşkil edilən aksiya zamanı 25 təhlükəsizlik əməkdaşı yaralanıb, onlardan ikisi ağır yaralanıb.
Bəyanatda qeyd edilir ki, təhlükəsizlik qüvvələri “Daxili Təhlükəsizlik Qüvvələrinin Təşkili haqqında” Qanunun 1-ci maddəsinə uyğun olaraq diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdehdirlər. Sənəd vətəndaşları qanunlara hörmətlə yanaşmağa və məsuliyyət ruhu ilə hərəkət etməyə çağırır.
Zorakılıq və dağıdıcı hərəkətlərin olduğu nümayiş zamanı nümayişçilər təhlükəsizlik qüvvələrinə atəşfəşanlıq, daş, çubuq, şüşə butulka və tərkibində rəngli boyalar olan əşyalar atıblar.
Cümə axşamı axşam Beyrutda Azərbaycanın Qarabağdakı işğal olunmuş ərazilərini azad etməsinə etiraz edən təxminən 1500 erməni əsilli qrup səfirliyə yürüş etməyə cəhd edib.
Səfirliyin yerləşdiyi küçənin əvvəlində təhlükəsizlik qüvvələri barrikada quraraq Livandakı erməni daşnak partiyasına mənsub izdihamı keçirməyə imkan verməyib.
Polis nümayişçilərin barrikadadan keçməsinə mane olduqda, etirazçılar təhlükəsizlik qüvvələrinə hücum ediblər. Polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək cavab verib.
Səid Əhmədli
Gununsesi.info