Erməni təxribatlarının sifarişçisi kimdir? – Polkovnik AÇIQLADI

“Mən deməzdim ki, Azərbaycanla Ermənistan arasında sülh dövrü bitib. Sadəcə olaraq bu gün Ermənistan havadarları tərəfindən ona verilən sifarişi, xahişi yerinə yetirir. Məsələ odur ki, Qarabağda vəziyyət gərginləşməlidir, qan tökülməlidir. Beləliklə, Azərbaycanla Ermənistanı bir araya gətirəcək, sülhyaratma missiyası ilə işləyəcək müəyyən qüvvə peyda olmalıdır. Həmin qüvvənin də adı ATƏT-in Minsk qrupudur. Yəni Ermənistan ATƏT-in Minsk qrupunun bölgəyə gətirilməsi üçün var gücü ilə çalışır”.

Bunu Publika.az-a açıqlamasında Silahlı Qüvvələrimizin ehtiyatda olan polkovniki Üzeyir Cəfərov deyib.

HTML tutorial

Polkovnikin fikrincə, bu təxribatları törətməklə Ermənistanın nə hücuma keçmək, nə də hansısa ərazini yenidən işğal etmək fikri var, çünki hazırda həmin gücə və potensiala malik deyil:

“Sadəcə olaraq gərginlik yaratmaqla dirçəlməkdə olan ATƏT-in Minsk qrupunun boşboğaz həmsədrlərini bölgəyə gətirərək “müzakirələr etməyə” çalışırlar. Məqsədləri vaxtı uzatmaqdır. Sənədləri də buna görə imzalamadılar. Daşaltıda, Şuşa yaxınlığındakı terakt zamanı da sülhməramlılar Azərbaycana qarşı son dərəcə hörmətsiz davrandı. Azərbaycan Baş Prokurorluğunun haqqında 4 cinayət işi qaldırdığı terrorçu Mirzoyanı rusiyalı sülhməramlılar çox rahat şəkildə geriyə qaytardılar. Mirzoyana gərginlik yaratmaq tapşırığı verilmişdi. “Sağ ol” əvəzi olaraq onu geriyə qaytardılar. Ermənistan hərbçiləri Azərbaycan ərazisindəki “KamAZ”ı, traktoru gülləbaran ediblər. Bunların hamısı məqsədyönlü şəkildə gerçəkləşdirilir. Azərbaycan tərəfi tədbirlər görür. Amma Bakı İrəvana bu təxribatlarla bağlı qəti xəbərdarlıqlar etməlidir. Ermənistan ərazisindən təxribat olanda da vurmaq, susdurmaq lazımdır”.

Üzeyir Cəfərov ötən gün sərhəd xəttində baş verənlərə də münasibət bildirib: “İnsanlarda elə fikir formalaşmasın ki, Azərbaycan əsgəri Ermənistan ərazisinə daxil olub. Elə şey yoxdur. Azərbaycan əsgərləri bir vaxtlar diqqətsizliyimiz ucbatından bizim ərazilərdə oturmuş erməniləri həmin postlardan kənara atırlar. Vaxtilə ermənilər həftədə, ayda, ildə öz postlarını metr-metr sürüşdürə-sürüşdürə gəlib oralara çıxmışdılar. Həmin ərazilər Azərbaycan torpağıdır. Sosial şəbəkələrdə paylaşılan videolar da bizim ərazilərimizdə çəkilib. Bizim əsgərlər Ermənistan ərazisinə keçməyib. Ona görə də ermənilər “atəş açmayın” deyə yalvarırdılar. İnanın ki, bizimkilər bircə metr Ermənistan ərazisinə keçsəydilər, ermənilər ora hərbi vertolyot da qaldırardılar. Dünən ermənilər bəyanat veriblər ki, Azərbaycan əsgərləri strateji əhəmiyyətli mövqeləri “ələ keçiriblər”. Bu məlumatı “Şərəfim var” blokunun deputatı Tiqran Abramyan deyib. Onun dediklərinə baxın, söyləyir ki, Azərbaycan Ermənistanla sərhəddəki bütün strateji yüksəkliklərdə mövqe tutmaq məsələsini həll etdi. Yəni ora bizim ərazidir. Orada neytral ərazi yoxdur, sırf Azərbaycan ərazisidir. İndi də daş atıb başlarını tuturlar ki, Azərbaycan əsgəri bizim həyətlərimizin içini görür. Bəs nə fikirləşirdilər?! Normal oturaydılar, Azərbaycan tərəfi də sərt mövqe tutmazdı. Elə Şuşa yaxınlığında terakt törədən Mirzoyanı da bizimkilər atəş açaraq gəbərtməli idilər. O, sülhməramlıların “xeyir-dua”sı ilə həmin ərazilərə daxil ola bilmişdi. Dərhal o terrorçuya qarşı silah işlədilməli idi. Bu da növbəti təxribatçılar üçün bir dərs olacaqdı”.

Gununsesi.info