Ermənilərə görə Rusiya Qarabağda ikinci cəbhə aça bilərmi? - Deputat AÇIQLADI

  • By admin
  • 27 Mart 2022 11:59

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Xalqcebhesi.az saytına müsahibə verib.

Gununsesi.info həmin müsahibəni təqdim edir:

– Qüdrət bəy, NATO-nun Brüsseldə keçirilən sammitini, Baydenin Polşaya səfərini yəqin ki, izlədiniz. Rusiyanın Ukraynaya təcavüzündən bir ay keçir, vəziyyətdən çıxış yolu görürsünüzmü?

– Qırğınları və dağıntıları dayandırmaq, kütləvi qırğın silahlarının istisna olunmayan tətbiqindən yayınmaq, proqnozlaşdırılması çətin olan daha ağır faciələrin qarşısını almaq üçün 2014-cü il vəziyyətinə qayıtmaq olar. Yəni, Ukrayna neytrallığını elan edir, Rusiya və Ukrayna 22 fevral 2022-ci ildə Moskvada imzalanmış “Rusiya-Azərbaycan müttəfiqliyi barədə” sazişə bənzər müqavilə imzalayır, Krım muxtar respublika statusunda Ukraynaya qaytarılır, Ukraynanın şərqində yaradılmış qondarma respublikalar ləğv, Ukraynanın ərazi bütövlüyü bərpa edilir. Krımda müddətsiz Rusiya hərbi bazalarının qalmasına Ukrayna icazə verir. Türkiyə, ABŞ, Britaniya, Çin kimi dövlətlər Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə qarant olurlar. Rusiya Ukraynanın bərpasında yaxından iştirak edir, müharibə cinayətləri törətmiş hərbçilər məsuliyyətə cəlb olunur. Eyni zamanda Putun başda olmaqla Rusiya rəsmilərinə və iş adamlarına, Rusiya iqtisadiyyatına tətbiq olunan sanksiyalar aradan qaldırılır. Rusiya və Ukrayna bu şərtlərə saziş bağlasalar, hər iki ölkə müharibədən sifətini saxlamaqla çıxa bilər. Yalnız bu halda ukraynalılarla ruslar barışa bilər. Əks halda, Baydenin dediyi kimi müharibə uzanacaq və daha dağıdıcı olacaq. Allahdan qorxub insanların həyatını qorumaq lazımdır. Tərəflər güzəştli mövqe tutmalı, Ərdoğanın vasitəçiliyini qəbul etməlidirlər.

– Bu şərtlərlə razılaşmasalar və tərəflər bütün riskləri göz önünə alıb müharibəni davam etdirsələr hansı tərəfin müharibədən qalib çıxmaq şansı var?

– Mən əvvəllər də demişdim ki, möcüzə baş verməsə Ukrayna ciddi itkilərlə barışmalı olacaq. Onlar kənardan verilən indiki hərbi dəstəklə Rusiyanı heç vaxt Ukraynadan tamamilə çıxara bilməyəcəklər. Möcüzə Avropanın NATO-ya üzv olan bir neçə güclü dövlətinin ABŞ-la birgə Ukrayna tərəfdən müharibəyə qatılması olardı. Onlar isə qorxularından bunu etməyəcəklər.

– Hərbçilərimizin Fərrux yüksəkliyində postlar qurmasına, Rusiya Müdafiə və Xarici İşlər Nazirliklərinin bəyənatlarına da münasibətinizi də bilmək istərdik.

– Eşq olsun Ordumuza! Hərbçilərimizin Fərrux yüksəkliyinə qalxması Qarabağda yeni müdafiə istehkamları qurmaq istəyən təxribatçılara cavab olmaqla seperatizmi dəstəkləyən və Azərbaycanın ərazi bütövlüyünü tanımayan Ermənistana və Qarabağdakı seperatçı ermənilərə növbəti xəbərdarlıqdır. 10 noyabr sazişi icra olunmalı, Ermənistan Azərbaycanın Qarabağ üzərində suveren hüquqları tanınmalıdır. Biz növbəti 30 il mənasız danışıqlar aparmayacağıq. Qarabağdakı erməni seperatçıları o qədər qudurublar ki, Ağdərədən Kəlbəcərə keçib gedən bizim avtomobilləri saxlayıb yoxlayırlar. 10 noyabr birgə Bəyənatına uyğun olaraq kommunikasiyalar açılmalı, bizim avtomobillər yoxlamasız öz torpaqlarımızda – Qarabağda sərbəst hərəkət etməlidir. Bizim dinc erməni sakinləri ilə işimiz yoxdu. Ermənistan sülh və Qarabağdakı ermənilərin orada qalıb yaşamasını istəyirsə onların Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasına kömək etməlidir. ““Artsax”ın Azərbaycanın ərazi bütövlüyünə heç bir aidiyyatı yoxdur”, yaxud ““Artsax” heç vaxt Azərbaycanın tərkibində olmayacaq” deməklə onlar bizi daha qəti addımlar atmağa təhrik edirlər və biz də bu addımları atacağıq. Xocalı təcili olaraq boşaldılmalı, həmin qəsəbənin azərbaycanlı sakinləri öz yurd – yuvalarına qayıtmalıdırlar. Ermənistan Xocalı soyqırımını tanımalı, qəsəbənin sakinlərinə kompensasiya ödəməli, həmin cinayəti törətmiş caniləri məsuliyyətə cəlb etməlidir. Yalnız bu yolla xalqlarımızı barışdıra bilərik. Ermənilərin təhlükəsizliyinə Azərbaycan hökuməti hamıdan daha yaxşı təminat verir. Paşinyan gözünü Fransadan Makrondan çəkməli, xarici təsirlərə boyun əyib Zəngəzur dəhlizinin açılmasına mane olmamalı, keçmişdən ibrət dərsi götürməlidir. Heç kim Ermənistana işğalçı siayasətini davam etdirməkdə kömək edə bilməyəcək. Dövr dəyişib, Paşinyan bunu anlamalıdır. O, həmçinin Qərbdə rahat yaşayan erməni diasporasının əlində oyuncağa çevrilməməli, müharibə cinayətləri tərətmiş Köçəryan və Sarkisyanın onu devirəcəyindən qorxmamalı, xalqlarımızın dinc-yanaşı yaşaması üçün Azərbaycanın ərazi bütövlüyünü tanımalı və Azərbaycanla sülh sazişi imzamalıdır.

Rusiyadan gələn bəyənatların cavabı müvafiq dövlət orqanlarımız tərəfindən verilib. Onlar bəyənatlarını versin, biz də öz işimizi görməli, ərazi bütövlüyümüzü bərpa etməliyik. Narahatçılığa əsas yoxdur. Satqın ermənilərə görə Rusiya Azərbaycanda ikinci cəbhə açmayacaq.

Gununsesi.info