Son günlərdə Ermənistan-Azərbaycan cəbhəsində vəziyyət yenidən gərginləşib və atəşkəs rejiminin pozulması aktiv fazaya keçib.
Yaranmış vəziyyətlə bağlı millət vəkili Asim Mollazadə Gununsesi.info-ya açıqlamasında bildirib ki, ermənilər onsuz da təxribatlarını dayandırmayıblar.
“Sadəcə, hərdən bu aktiv fazaya keçir. Ermənistan müstəqil dövlət olmadığından, bir çox hallarda cəbhə xəttində gərginlik yaratmaq əmrini də “ağa”larından alır”- deyə, millət vəkili vurğulayıb.
O, hesab edir ki, ermənilərin “ağa”larının bölgədə xüsusi maraqları olduğundan, cəbhə xəttində gərginliyi yaratmaqla, müəyyən siyasi məqsədlər güdürlər:
“Bu yolla Azərbaycana təzyiq edərək, hansısa niyyətlərini həyata keçirməyə çalışırlar. Ona görə də ermənilərin son günlərdə cəbhə xəttində atəşkəs rejimini pozaraq, təxribatlar törətməsinin arxasında bir şantaj dayanır”.
Politoloq Qabil Hüseynli öz növbəsində hesab edir ki, ermənilər cəbhə xəttində gərginlik yaratmaqla, Azərbaycanı öz təxribatlarına cəlb etmək istəyir.
“Bu yolla həm də özlərinin ordusunun daxilindəki pozuculuq, fərarilik hallarını “xarici düşmən” obrazı ilə cəzalandırmağa çalışırlar. Elə bu günlərdə Xankəndində bununla bağlı xüsusi müşavirə keçirildi. Müşavirədə ordunun aşağı komandir heyəti ilə ordudakı fərarilik hallarının səbəbləri müzakirə edildi. Burada digər məqam isə ondan ibarətdir ki, beynəlxalq aləmdə vəziyyət ağırdır və siyasi cəbhələşmə var”-deyə, politoloq vurğulayıb.
Politoloq əlavə edib ki, burada daxili amillər də mövcuddur.
“Belə ki, bu gün Ermənistan cəmiyyətində Sərkisyan rejiminə qarşı böyük nifrət formalaşıb. Bunu bilən Sərkisyan rejimi sərhəddə vəziyyəti gərginləşdirməklə daxili ictimai-siyasi vəziyyəti öz xeyrinə dəyişmək istəyir. Yəni, ölkə daxilində siyasi qütbləşmə pik həddinə çatıb və cəmiyyətdə Sərkisyan hakimiyyətinə nifrət son həddədir. Nifrət o qədər güclüdür ki, hətta, gənclər ordudan yayınır və birdəfəlik ölkəni tərk edirlər. Bu yolla isə Sərkisyan rejimi cəmiyyətin gözünü qorxutmaq istəyir.
Digər bir məqam da ondan ibarətdir ki, İrəvan Ermənistan-Azərbaycan sərhəddində təxribatlar törətməklə, Putin “NATO”sunu, yəni, KTMT-ni, xüsusən də, Rusiyanı prosesə cəlb etmək istəyir. Odur ki, bu gün Ermənistan çox məkri planlarla məşğuldur. Amma hər halda Rusiya da vəziyyəti görür”- deyə, o, vurğulayıb.
Sonda Q.Hüseynli onu əlavə edib ki, İrəvan bütün bu təxribatları acizlikdən edir.
Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri, politoloq İlqar Vəlizadə isə Gununsesi.info-ya açıqlamasında deyib ki, 2016-ci il aprel döyüşlərindən sonra erməni cəmiyyətində sülh tərəfdarlarının sayı artıb və onların mövqeyi cəmiyyətə möhkəmlənməkdədir.
“Artıq Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bununla bağlı mövqeyini ortaya ataraq, “mərhələli sülh” variantını cəmiyyətə təqdim edib.Bu da erməni cəmiyyətində böyük rəğbətlə qarşılanıb. Petrosyan bu mövqedən yararlanaraq, ölkədə keçiriləcək parlament seçkilərində uğur əldə etmək istəyir. Bu isə hakim Serj Sərkisyan rejimini ciddi narahat edir. Ona görə də hər vasitə ilə cəmiyyətdə sülh tərəfdarlarının mövqeyini zəiflətməyə çalışırlar. Son günlərdə cəbhə xəttində baş verən proseslərin bir amili də bununla bağlıdır”- deyə, politoloq vurğulayıb.
İ.Vəlizadənin fikrincə, hakim Sərkisyan rejim sərhəddə təxribat törətməklə, sülh tərəfdarlarına demək istəyir ki, “siz sülh istəsəniz də, baxın, Azərbaycan münaqişəni sülh yolu ilə deyil, güc yolu ilə həllinə üstünlük verir”.
“Bu yolla sülh tərəfdarlarının mövqeyini zəiflədərək, öz mövqelərini möhkəmlətməyə çalışır. Hakim rejim də yaxşı anlayır ki, sülh tərəfdarlarının mövqeyi bir az da möhkəmlənsə, vəziyyət tamamailə başqa istiqamətdə inkişaf edəcək. 2016-ci il aprel döyüşlərindən sonra ölkəni tərk edənlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Odur ki, müharibənin erməni cəmiyyəti üçün hansı acı fəsadlar verdiyinin fərqindədirlər. 2016-ci ildəerməni deputatlardan biri çıxışında bildirdi ki, əgər əvvəlki illərdə ölkəni il ərazində 40-45 min insan tərk edirdisə, aprel döyüşlərindən sonra tərk edənlərin sayı kəskin artıb.
Nəticədə ötən il ölkəni rəsmi olaraq tərk edənlərin sayı 60 minə çatıb. Əgər müharibə məsələsi reallşarsa, o zaman ölkənin tərk edənlərin sayı daha da artacaq. Odur ki, erməni cəzmiyyətində ciddi narahatlıq var və onlar sülh variantına razıdırlar. Ancaq hakim rejim buna mane olur və cəbhə xəttində bu mövqenin möhkəmlənməsinə imkan verməyərək təxribatlar törədir”- deyə, o, bildirib.
Politoloq hesab edir ki, burada digər bir amil də var:
“Buda ondan ibarətdir ki, İrəvan təxribatları Ermənistan-Azərbaycan sərhəddində törətməklə, KTMT-ni hansı vaxtilə olursa-olsun, bu prosesə cəlb etmək istəyir. Baxmayaraq, KTMT-yə daxil olan üzvlərin böyük əksəriyyəti bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir, ancaq ermənilər təxribatı Ermənistan-Azərbaycan sərhəddində törətməklə niyyətlərinə nail olmağa çalışırlar”.
Mürtəza
Gununsesi.info