Qarabağ münaqişəsinin həll olunmaması Rusiya-Türkiyə münasibətlərinin hərtərəfli inkişafına mane olur.
Bu fikri Gununsesi.info-ya açıqlamasında Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə Rusiya XİN başçısı Sergey Lavrovun Ankaranın Qarabağ məsələsində oynaya biləcəyi aktiv rolu şərh edərkən deyib.
Onun sözlərinə görə, biz hərzaman şahidi oluruq ki, Türkiyə Rusiya münasibətlərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi məsləsi gündəmdədir və bu məsələ bütün səviyyəli görüşlərdə müzakirə olunur. “Yəni Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri olmasa da, bu qrumun üzvü kimi proseslərin nizamlanmasında yaxından iştirak edir və buna cəhd edir. Məhz elə bunun nəticəsidir ki, Türkiyə Ermənistanın işğalçılıq siyasətinə etiraz olaraq, Azərbaycan torpaqlarını işğal altında saxladığına görə, bu ölkə ilə sərhədlərini qapadıb”- deyə, politoloq vurğulayıb.
Politoloq deyib ki, Türkiyə də Rusiya kimi Ermənistanla münasibətlərin normallaşmasında maraqlıdır. “Ancaq bunun ilk növbədə İrəvanın işğalçılıq siyasətinə son qoyması, Azərbaycanın işğal etdiyi torpaqları azad etməyi şərt kimi irəli sürür. Moskva isə hesab edir ki, Rusiya Türkiyə münasibətlərinin inkişaf etməsi nəticədə iqtisadi ticari əlaqələrin artmasına səbəb olacaq, irimiqyaslı layihələrin reallaşamsına yol açacaq. Qarabağ münaqişəsi həll olunmadan isə Ermənistanın bu proseslərdən yararlana bilməyəcək və kənarda qalacaq. Moskva bundan narahatdır. Odur ki, hər vasitə ilə Ermənistanın deblokada olunmasına çalışır. O baxımdan demək istəyirəm ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi Ankara-Moskva münasibətlərinin hərtərəfli inkişafına maneçilik yaradır”- deyə, o bildirib.
Politoloq əlavə edib ki, bu gün İrəvan Ermənistan-Azərbaycan münaqişəsinin həllindəki mövcud vəziyyətin dəyişməsində maraqlı deyil və status-kvonun saxlanmasına çalışır: “Əslində İrəvan Lavrovun bu mesajından yararlanıb, regiondakı vəziyyəti dəyərləndirməlidir. Əks təqdirdə gec olacaq. Çünki bir müddətdən sonra regionda vəziyyət dəyişəcək və oyuna digər böyük oyunçular girəcək. O zaman isə bölgədəki proseslərdə Ermənistanın deyil, regiondakı əsas oyunçuların maraqları nəzərə alınacaq. O proseslər də Ermənistanın xeyrinə olmayacaq”.
Mürtəza Bünyadlı
Gununsesi.info