“Ermənilər qorxurlar ki, sabah Avropa istehsalı silahlar da Azərbaycan ordusunda peyda ola bilər” - ELXAN ŞAHİNOĞLU

  • By admin
  • 20 Sentyabr 2017 14:54

elxan sahinoglu

“Ermənistan hakimiyyəti və erməni lobbisi Çexiyanın Azərbaycana hərbi texnika satmasından xeyli narahat olub, saytları gündə bundan yazırlar. Azərbaycan ordusu bir neçə gün əvvəl başlanan hərbi təlimlərdə Çexiyadan aldığı hərbi texnikadan da istifadə edir. Müdafiə Nazirliyi həmin hərbi texnikanı internetdə paylaşmaqla erməni separatçılarını daha çox qıcıqlandırıb”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, İrəvanın narahatlığının səbəbi bəllidir. “Avropa İttifaqı dövlətləri Dağlıq Qarabağ münaqişəsinə görə illərdir nə Ermənistana, nə də Azərbaycana silah satır, yəni faktiki hər iki ölkəyə qarşı qeyri-rəsmi embarqo tətbiq edilir. Azərbaycan Çexiyadan hərbi texnika almaqla bu embarqonu yardı və ermənilər qorxurlar ki, sabah İtaliya, Fransa və digər Avropa istehsalı silahlar da Azərbaycan ordusunda peyda ola bilər. Narahatlıqlarında haqlıdırlar”- deyə, o, vurğulayıb.

Politoloq əlavə edib ki, Avropa İttifaqı ölkələri Azərbaycanın Rusiyadan və İsraildən silah, hərbi texnikanın alışına on milyardarla dollar xərclədiyini, ortada böyük müqavilələr və böyük pullar olduğunu görür. “Avropa ölkələrinin bir çoxunda da silah və hərbi texnika istehsalı var və onlar da Rusiya və İsrail kimi silah satışından qazanmaq istəyirlər”- deyə, politoloq bildirib.

Mürtəza

Gununsesi.info