Ermənistan mətbuatı Laçın şəhərindən yan keçməklə tikilən avtomobil yolu ilə bağlı yeni xəbər və fotoşəkil yayıb. Söhbət Ermənistanı Xankəndi ilə birləşdirəcək yeni yoldan gedir.
Gununsesi.info-nun məlumatına görə, Ermənistan KİV-ləri Azərbaycan tərəfinin yeni yolda fəal tikinti işlərini sürətlə davam etdirdiyini bildirib.
Qeyd edək ki, bu yolun inşası Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Sənədə görə, yeni yol üç il ərzində hazır olmalıdır.
Xəbərlərdən belə məlum olur ki, Laçın şəhərindən yan keçməklə tikilən yeni avtomobil yolunun sürətli inşası ermənilər arasında isterikaya səbəb olub.
İşğalçı dövlətin mediası “Laçın dəhlizi”nə alternativ yolun açılışının bu ilin iyun ayında gözlənildiyini qeyd edib.
Ermənilər yeni yolun açılışından sonra Laçın şəhərinin tamamilə Azərbaycanın nəzarətinə keçəcəyindən ciddi şəkildə narahatdırlar. Bu halda 30 ildir Laçın şəhərinin mərkəzində müvəqqəti məskunlaşmış ermənilərin oranı tərk etməsi də gerçəkləşəcək.
Ermənilər xəbər verirlər ki, yeni yol üçün Həkəri çayı üzərindən körpü də salınıb. Qeyd olunur ki, bu körpü Ermənistanın Zəngəzur vilayətindəki Kornidzor kəndindən Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə gedən yolu birləşdirəcək.
Uzunluğu 28 kilometr olan bu yol Laçın rayonunun 6 kəndindən keçəcək.
Ermənistan mətbuatı qeyd edir ki, Azərbaycan tərəfinin Zəngəzurun Xınzırək kəni yaxınlığında – Gorus-Qafan yolunda tikdiyi gömrük-keçid məntəqəsindən keçən və Şuşanın Kiçik Qaladərəsi kəndinədək uzanan yeni yol demək olar ki, hazırdır.
Şuşanın Kiçik Qaladərəsi kəndindəki erməıni icmasının rəhbəri Manvel Sarkisyan “Sputnik Ermənistan”a bildirib ki, azərbaycanlılar təxminən bir aya yaxındır ki, bu yaşayış məntəqəsinin yaxınlığında fəal tikinti işləri aparırlar.
Gununsesi.info