Ermənilərin əl-ayağa düşməyi mənasızdır - Deputat

  • By admin
  • 30 Mart 2022 14:59

“Azərbaycan öz sərhədləri daxilində yerdəyişmə edir. Ermənilərin və rus sülhməramlılarının əl-ayağa düşməyi mənasızdır. Ermənilər Azərbaycanın uğurlarını və Türkiyə ilə münasibətlərini görürlər və bundan narahat olurlar”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Deputat bildirib ki, Ermənistanın yeganə yolu Azərbaycan və Türkiyə ilə normal əlaqələr qurmaqdır: “Ermənistan bunu etməsə, dövlət kimi varlığını qoruya bilməyəcək. Regionda və dünyada bəzi sistemlər dəyişib. Ermənilərin isə səs-küy salmağa heç bir əsası yoxdur. Çünki ordumuz öz torpaqlarında yerdəyişmə edir və bu, onun haqqıdır”.

V.Əhmədov vurğulayıb ki, Rusiya sülhməramlılarının son hərəkətləri qəbuledilməzdir: “10 noyabr sazişinə əsasən, erməni birləşmələri torpağımızı tərk etməli idi. Ancaq Rusiya sülhməramlıları öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədilər. Azərbaycan gec, ya da tez həmin o separatçıları öz torpaqlarından çıxaracaq. Qarabağda olan rusların yalnız adı sülhməramlıdır, onlar öz missiyalarını yerinə yetimir və bunun nəticəsində terrorçu dəstələr təxribatlara əl atır. Ordumuz isə son zamanlarda atdığı addımlar ilə ermənilərə öz yerlərini göstərdi. Bir güllə atmadan onları Fərrux dağından çıxardıq və bu proses gələcək zamanlarda da davam edəcək. Prezident İlham Əliyev elə ağıllı siyasət aparır ki, orada heç bir problem yarana bilməz”.

Gununsesi.info