
Azərbaycan Ermənistan sərhəddində baş verən son atışma zamanı erməni fermerlərinə məxsus minlərlə mal-qara hərbçilərimizin əlinə keçib.
Gununsesi.info-nun xəbərinə görə, sosial şəbəkələrdə yayılan görüntülərdə hərbçilərimizin həmin mal və qoyun sürülərini apardıqları görünür.
Qeyd edək ki, 44 Günlük Vətən savaşı zamanı da eyni hal olmuşdu.
O zaman mediada Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinin həmin mal-qaraya sahib olmasına dair iddialar yayılmışdı.
Bəs görəsən, bir neçə gün əvvəl hərbçilərimin götürdüyü qoyun sürüsünün taleyi necə olacaq?
Qeyd edək ki, həmin sürüdə 3 min başa yaxın xırdabuynuzlu heyvan olduğu deyilir.
Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü Vüqar Hüseynov Gununsesi.info-ya açıqlamasında bu məsələnin onlara aid olmadığını deyib:
”İlk gündən mal-qaranın Kənd Təsərrüfatı Nazirliyinn ixtiyarına verilməsi faktı olmayıb. Ona görə də indiki məsələ haqqında da nəsə deyə bilmərəm”.
Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvaz isə son olaylar zamanı ermənilərə məxsus mal-qaranın Azərbaycan hərbçilərinin əlinə keçməsindən xəbərsiz olduğunu iddia edib: “Mən həmin görüntülərlə tanış deyiləm. Ona görə də məlumatsızam”.
Onu da bildirək ki, Ermənistan mediasında təxminən 6 min baş iri və xırda buynuzlu heyvanın Azərbaycan tərəfinin əlinə keçdiyi yazılıb.
Gununsesi.info