Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən Qarabağdan oğurlanıb ABŞ-a aparılan Azərbaycan xalçası Bakıda sərgilənəcək.
Axar.az xəbər verir ki, xalçanı Los-Ancelesdə yaşayan həmyerlimiz Elşad Tahirov hərracların birindən alaraq Bakıya – “APA Holding”ə daxil olan Lent.az İnformasiya Agentliyinin əməkdaşı Vüsalə Məmmədovanın adına göndərib.
Virtual hərracda “Antik Ermənistan – Qarabağ xalçası” adı ilə satışa çıxarılan xalçanın üzərində kiril əlifbası ilə “Anasından yadigar ad günü hədiyyəsi” sözləri var.
Xalça Xalça Muzeyinə təqdim olunub və burada “Sahibini gözləyən Qarabağ – Los-Anceles xalçası” adı altında nümayiş olunacaq.
Qeyd edək ki, bir müddət əvvəl xalçanın sahibinin tapılması üçün ictimaiyyətə müraciət olunsa da, qeyri-maddi mədəni irsimizin sahibi hələ də tapılmayıb.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradovun sözlərinə görə, xalça Zəngilan xalçaçılıq məktəbinə məxsusdur və XX əsrin ortalarında toxunub.
Gununsesi.info