Ermənipərəst senator Bob Menendes ona qarşı irəli sürülən rüşvət ittihamı çərçivəsində evindən tapılan qızılların həyat yoldaşı Nadine Arslanyan anasından miras qaldığını iddia edib.
Gununsesi.info xəbər verir ki, ötən ilin sentyabrın 22-də Nyu-York Cənub Dairə Federal Məhkəməsinə təqdim edilən 39 səhifəlik iddianamədə Bob Menendes və həyat yoldaşı Nadine Arslanyan rüşvət almaqda günahlandırılıb.
Evində axtarış zamanı tapılan qızıl külçələr və nağd pullarla yanaşı, Menendesin Misirə rəsmi yardıma təsiri, xüsusən də Konqresdə xarici ölkələrə hərbi yardım mövzusunda söz sahibi olan Senatın Xarici Əlaqələr Komitəsinə sədrliyi dövründə Nyu-Cersidəki Misir əsilli iş adamları və şirkətlərlə əlaqələri iddianamədə diqqət çəkib.
İttihamların ertəsi günü Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verməli olan Menendes partiyasının və ictimaiyyətin təzyiqlərinə müqavimət göstərərək Konqresdəki vəzifəsindən istefa verməyəcəyini bəyan edib. Menendesə qarşı ilkin ittiham aktı daha sonra genişləndirilərək, onu siyasi mövqeyindən Qətər xeyrinə istifadə etməkdə ittiham edib.
Digər tərəfdən, Menendesin evində tapılan külçə qızılın 2013-cü ildə baş verən oğurluq hadisəsi ilə əlaqəli olması da gündəmdə olub.
Nyu-Yorkun Cənub Dairə Məhkəməsində prokurorlar rüşvət almaqda ittiham etdikləri Menendesə qarşı həbs orderi tələblərini gücləndirmək üçün 70 səhifəlik əlavə sənədlər hazırlayıblar. Bir çox yeni məlumat verən əlavə sənədlərdə ABŞ senatorunun bir əməkdaşına evində axtarış zamanı tapılan qızılların “arvadının rəhmətlik anasından miras qaldığını” dediyi və bu ifadənin eyni olduğu bildirilib.
Yeni sənədlərdə Menendes ailəsinin evində tapılan təxminən 500 min dollar nağd pulun “böyük bir qarderobda asılmış beş çantada ələ keçirildiyi” qeyd edilib.
Kuba əsilli mühacir ailəsinin oğlu olan Menendes Türkiyə əleyhinə fikirləri və ABŞ Konqresindəki yunan və erməni lobbisinə yaxınlığı ilə tanınır. ABŞ-ın Türkiyəyə edəcəyi F-16 satışına qarşı çıxanlar arasında olan Menendes də Türkiyənin Aralıq dənizi və Egeydəki siyasətlərindən narahatlığını hər fürsətdə gündəmə gətirib.
Qeyd edək ki, qatı ermənipərəstliyi ilə tanınan, erməni diasporu tərəfindən satın alınmış Menendesin müxtəlif qeyri-qanuni əməllərdə günahlandırıldığı barədə ötən ilin mayında “New York Times” da məlumat yaymışdı. Qəzet yazırdı ki, Federal prokurorluq və Federal Təhqiqatlar Bürosu ermənipərəst amerikalı senator Robert Menendesin və ya həyat yoldaşı Nadine Arslanyanın Vaşinqtonda halal ət şirkətindən lüks avtomobil və mənzil hədiyyələri alıb-almadığını araşdırır.
Prokurorlarla görüşən vəkilin dediyinə görə, Nyu-Cersi ştatından senator olan Demokratlar Partiyasının təmsilçisi Menendeslə bağlı aparılan istintaq ət şirkətinin ofislərində və şirkətin prezidentinin evində hökumətin axtarışı ilə bağlıdır.
Korrupsiya və digər maliyyəti cinayətində adı hallanan ermənipərəst senator və konqresmenlərin siyahısı genişdir.
Menendeslə yanaşı, ABŞ Konqresində erməni lobbisinin qatı müdafiəçisi olan Frank Pellone, Adam Şiff, Robert Dold, Bred Şerman, eləcə də senator Barbara Bokser və digərlərinin adı zaman-zaman maliyyə fırıldaqlarında, korrupsiya əməllərində, erməni diasporunun müxtəlif fondlarında topalanmış maliyyə vəsaitlərinin mənimsənilməsində hallanıb.
Bu şəxslərin məhz erməni diasporundan aldığı maliyyə qarşılığında Azərbaycan və Türkiyə əleyhinə fəaliyyətlə məşğul olduğu sirr deyil.
Əlavə edək ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “New York Post” nəşrində senator Bob Menendes və həyat yoldaşı haqqında dərc olunmuş məqaləyə münasibət bildirib.
H.Hacıyev “X” sosial media hesabında məqalədən çıxarış paylaşaraq ermənipərəst siyasətçilərin fəaliyyətinin ətraflı araşdırılmasının vacibliyini qeyd edib.
“Pul hər şeyi həll edir! ABŞ və Avropadakı bütün anti-Azərbaycan ermənipərəst lobbiçilər və siyasətçilər daha da araşdırılmalıdır”, – deyə Prezidentin köməkçisi vurğulayıb.
Gununsesi.info