“Ermənistan XİN-inin yaddaşını təzələyirik: Ermənistan 30 ilə yaxın bir müddətdə Azərbaycanın ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayaraq, bu ərazilərdə genişmiqyaslı qeyri-qanuni fəaliyyət, o cümlədən urbisid, kultursid və ekosid törədən bir ölkədir”.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
“Ermənistan Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndini yer üzündən silib. Bu ərazilərdəki tarixi, mədəni, dini abidələr viran qoyulub, talan edilib.
Ermənistan işğal altında saxladığı ərazilərdə törətdiyi məqsədyönlü dağıntıları gizlətmək üçün onilliklər ərzində bu ərazilərə YUNESKO missiyasının səfərinin qarşısını alıb. Bu fakt, YUNESKO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub.
Eyni zamanda, Ermənistan öz ərazisindəki Azərbaycanın mədəni irsini tamamilə məhv edib.
Ermənistan son 30 ildə beynəlxalq hüquq, o cümlədən humanitar hüquq normalarını tapdalayıb; 1949-cu il Cenevrə Konvensiyası, YUNESKO-nun 1954-cü və 1970-ci illər konvensiyalarını kobud şəkildə pozub.
Ermənistanın yuxarıda sadalanan vandalizminin nəticələri beynəlxalq media və müstəqil ekspertlər tərəfindən geniş şəkildə sənədləşdirilib və işıqlandırılıb.
Bütün bu qeyd edilənlər fonunda görünür Ermənistan XİN-i Azərbaycan Mədəniyyət Nazirliyinin bəyanatından yalan çıxarışlar edərək öz qeyri-qanuni əməllərini pərdələmək məqsədi güdür. Lakin qonşu ölkənin rəsmi qurumu unudur ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik etmir. Azərbaycan bütün dünyada tolerantlıq və mədəni müxtəliflik mümunəsidir.
Ermənistan XİN-inə tövsiyəmiz budur ki, ətəyinə yalan, uydurma, iftira dolu daşları yığmaqla özünü daha da dərin və çıxılmaz vəziyyətə salmasın, əksinə ətəyindəki daşları ataraq, xoş niyyət və əməllər göstərməyə çalışsın”, – L.Abdullayeva açıqlamasında qeyd edib.
Gununsesi.info