
“Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun Zəngəzur dəhlizinin 2028-ci ildə həyata keçiriləcəyini söyləməsi iddialı açıqlamadır. Yəni bu məntiqlə 4 ildən sonra dəhliz işə düşməlidir”.
Gununsesi.info xəbər verir ki, bunu siyasi ekspert Elxan Şahinoğlu Zəngəzur dəhlizinə dair ən son açıqlamaya münasibət bildirərkən deyib.
“Ermənistan rəsmiləri Zəngəzur dəhlizində maraqlı olduqlarını ifadə etsələr də, “dəhlizin Ermənistandan keçən hissəsi Ermənistanın yurisdiksiyası əsasında həyata keçirilməlidir” yanaşmasından imtina etməyiblər. Buna baxmayaraq, türkiyəli nazir Ermənistandan müsbət mesajlar aldıqlarını deyib. Bu nə deməkdir?
Ermənistan rəsmilərinin türkiyəli həmkarlarıyla qapalı dialoqlarında “müəyyən şərtlər daxilində açıq dəhlizə icazə verə bilərik” cümləsini işlətmələri mümkündür. Çünki rəsmi Bakının mövqeyi belədir ki, Azərbaycan vətəndaşları Zəngəzur dəhlizindən istifadə edərkən yoxlamadan keçməməlidirlər. Rəsmi Bakı bununla yanaşı başqa ölkələrin yüklərinin Zəngəzur dəhlizindən daşınmasının Ermənistan yurisdiksiyasına uyğun həyata keçirilməsinin əleyhinə deyil. Yəni bu “mənim vətəndaşlarım dəhlizdən yoxlanılmadan keçməli, digər ölkələrin yüklərini isə yoxlaya bilərsiniz” deməkdir. Bunun qarşılığında Ermənistan rəsmilərindən biri bugünlərdə verdiyı açıqlamada Azərbaycan vətəndaşlarının Naxçıvana keçərkən və geri qayıdarkən Zəngəzur dəhlizindən rahat istifadəsinin müzakirə oluna biləcəyinə eyham vurub. Beləliklə, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra Zəngəzur dəhlizi mövqusunda irəliləyiş əldə etmək mümkündür. Odur ki, Türkiyənin nəqliyyat və infrastruktur nazirinin dəhlizlə bağlı optimist açıqlaması üçün zəmin var”, – E.Şahinoğlu qeyd edib.
Xatırladaq ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu yerli KİV-ə müsahibəsində bildirib ki, Ankara 2028-ci ildə “Zəngəzur dəhlizi” layihəsini həyata keçirməyə ümid edir.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi 224 km uzunluğundadır və ümumilikdə onun tikilməsi prosesi 5 il çəkəcək.
Uraroğlunun sözlərinə görə, Ermənistan ərazisindən keçən hissə istisna olmaqla, tikinti hələ də davam edir.
Türkiyəli nazirin dediyi kimi, Naxçıvanı Türkiyə ilə birləşdirən yolda da yenidənqurma işləri aparılmalıdır. Onun uzunluğu təqribən 100 km-dir və qeyd olunan marşrutun davamı olan İğdır-Qars dəmir yolunun tikintisinə bu il başlanılacaq.
Eyni zamanda, Uraroğlu bildirib ki, son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyandan məsələ ilə bağlı “müsbət siqnallar” var.
Nazirin sözlərinə görə, Zəngəzur dəhlizinin Ermənistan hissəsi təqribən 43 km-dir və dəhlizin tam başa çatdırılması üçün planlama işləri və tenderlər aparılmalıdır.
O əlavə edib ki, Zəngəzur dəhlizi sayəsində Türkiyənin “türk dünyası” ölkələrinə birbaşa çıxışı olacaq.
Gununsesi.info