
Ermənistan bazarlarında Azərbaycan almalarının peyda olması ölkədə mübahisələr yaradıb. Bazarlarda Quba almalarının satılması barədə məlumatlar sosial medialarda yayılandan sonra rəsmi reaksiyalar gəlib və əhali Azərbaycan almalarını almamağa çağrılıb.
Gununsesi.info-nun BBC-yə istinadən verdiyi məlumata görə, Ermənistan Dövlət Qida Maddələri Təhlükəsizliyi Xidməti (DQMTX) bazarlarda yoxlanışlar keçirdiyini və ölkə paytaxtında və rayonlarındakı meyvə-tərəvəz bazarları və mağazalarında Azərbaycanda istehsal olunan “alma satışı faktının təsdiqləndiyini” bəyan edib.
Dövlət xidmətinin müfəttişləri “dərhal satışı dayandırıb və meyvə partiyasının ləğv edilməsini tapşırıb”, DQMTX-nin məlumatında deyilir. BBC Azərbaycancanın İrəvan müxbiri bu gün bazarlara baş çəksə də, Azərbaycan istehsalı olan almalara rast gəlməyib.
Ona danışan satıcılardan biri ehtimal edir ki, kimsə “fərdi şəkildə Türkiyədən və ya Gürcüstandan 10-15 qutu gətirib və satış nöqtələrinə paylayıb”.
Meyvə-tərəvəz dükanları malı həmişə onları təçhiz edənlərdən alıb satırlar. Malın haradan gətirildiyi onları maraqlandırmır, müxbirimiz məlumat verir.
Ermənistan qanunlarına görə, Gömrük məntəqəsindən hər kəs rüsumsuz 50 kiloqrama qədər mal keçirə bilər.
Yoxlama nəticəsində Ermənistan paytaxtı və rayonlarında meyvə-tərəvəz bazarları və mağazalarında “Azərbaycanda istehsal olunan alma satışı faktı təsdiqlənib” və dövlət xidmətinin müfəttişləri “dərhal satışı dayandırıb və meyvə partiyasının ləğv edilməsini tapşırıb”, DQMTX-nin məlumatında deyilir.
Dövlət Xidməti Ermənistana Azərbaycan almasını idxal edəni aşkar edə bilmədiyini deyir.
Sənədlərə əsasən, sərhəd keçid məntəqələrində nə Gömrük xidməti, nə də DQMTX əməkdaşları tərəfindən Ermənistana “Azərbaycan mənşəli yük”, o cümlədən, alma gətirilməyib.
Dövlət Qida Maddələri Təhlükəsizliyi Xidmətinin aprelin 1-dən 25-nədək keçirdiyi monitorinqə görə, bu müddət ərzində Ermənistana idxal edilən alma Polşa, Rusiya, Ukrayna, Gürcüstan və İtaliyadan olub.
“Bu yüklər arasında Azərbaycan alması olmayıb: bütün hallarda yük onun Ermənistan ərazisinə daxil edilməsinə icazə verən müvafiq sənədlərlə müşayiət olunub”, – Ermənistan Dövlət Qida Maddələri Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir.
Sözügedən alma partiyasının “sərhəd nəzarətini keçmədiyini nəzərə alaraq, Ermənistan Dövlət Xidməti “Azərbaycan almasının təhlükəsizliyinə zəmanət verə bilmədiyinə görə”, əhalini Azərbaycan almasını “yeməkdən çəkinməyə” və “bu kimi hallar müşahidə edəndə qaynar xətt telefon nömrəsinə zəng etməyə” çağırıb.
Dağlıq Qarabağ münaqişəsilə bağlı müharibə aparmış Ermənistan və Azərbaycan arasında ticarət əlaqələri mövcud deyil və iki ölkə arasında sərhədlər bağlıdır.
Gununsesi.info