Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan İctimai telekanala müsahibəsində bildirib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd olunan bütün şərtlər artıq etibarlı deyil. Bunu son günlər digər erməni rəsmilər də deyirlər. Bu, birincisi, o deməkdir ki, Ermənistan hakimiyyəti 10 noyabr bəyanatından imtina edir.
Bu sözləri Gununsesi.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, bəyanatın bizim üçün də mənası qalmayıb, çünki məlum sənəd imzalananda Laçın dəhlizi və Qarabağın bir hissəsi hələ Azərbaycanın nəzarətində deyildi.
“Azərbaycan sonrakı mərhələdə bu məsələləri həll etdi. Yəni 10 noyabr bəyanatı Azərbaycan üçün də mənasını itirib. Bircə bəyanata görə Rusiya hərbi kontingentinin Qarabağda missiyasını davam etdirməsi bəndi qalıb ki, bunu da Bakı Moskva ilə danışıqlar əsasında həll edəcək”, – deyə o əlavə edib.
E.Şahinoğlunun sözlərinə görə, İrəvanın 10 noyabr bəyanatından imtinasının başqa mənası da var. “Ermənistan hakimiyyəti artıq Moskvanın vasitəçiliyini qəbul etməyəcək. Bu Azərbaycanın maraqlarıyla da uzlaşır. Önəmli olan vasitəçisiz birbaşa danışıqları intensivləşdirmək və yeni razılaşmalar əldə etməkdir. Bunun üçün Rusiya və ya digər ölkənin vasitəçiliyinə ehtiyac yoxdur”, – deyə o bildirib.
Gununsesi.info