Ermənistan KTMT-dən çıxarılmasını təmin etməyə çalışır

Ermənistanın Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəri Hayk Xalatyan Pravda.Ru-ya müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanın respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq planları ilə bağlı son bəyanatına münasibət bildirib.

Gununsesi.info Pravda.Ru-ya istinadən xəbər verir ki, politoloq Ermənistanın KTMT-dən çıxmasını siçan-pişik oyunu adlandırıb

O, qeyd edib ki, ortada siçan-pişik oyunu gedir: “Məncə, Paşinyan artıq KTMT-dən çıxmaq barədə qərar verib. O, KTMT-ni maliyyələşdirməkdən imtina etməklə, təşkilata üzv olan digər ölkələrin Ermənistanı KTMT-dən çıxarmasını təmin etməyə çalışır və bu, Ermənistanın qovulması şəklində cəmiyyətə təqdim oluna bilər”.

Bununla yanaşı, ekspert Ermənistanın indiki siyasətini düzgün hesab etmir, çünki ölkənin regionda artıq iki rəqibi var . Bunlar Türkiyə və Azərbaycandır.

Onun sözlərinə görə, Qərb bu dövlətlərlə qarşıdurmada İrəvana yardım vəd etmir.

Xatırladaq ki, iyunun 12-də Paşinyan Ermənistanın KTMT-dən çıxmaq planlarını açıqlayıb.

Eyni zamanda, o, bu beynəlxalq strukturu heç bir şəkildə ölkəni qorumayan “köpük ittifaqı” adlandırıb.

Qeyd edək ki, Rusiya da bundan əvvəl  Ermənistanı KTMT-dən çıxarmağa çağırıb.

 

Şəbnəm

Gununsesi.info