Ermənistan Qarabağdan könüllü köçən ermənilərə vətəndaşlıq verir

  • By admin
  • 24 Noyabr 2023 13:54

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan könüllü köçən ermənilərə vətəndaşlıq verilməsi barədə göstəriş verib.

Gunununsesi.info erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Baş nazir qeyd edib ki, dövlət qulluğunda işə qəbul olmaq üçün artıq müraciət etmiş şəxslərə Ermənistan vətəndaşlığı verilməsi məsələlərinin tez bir zamanda həll edilməsi barədə göstəriş verilib.

Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin sözlərinə görə, Ermənistan bu müharibəni hazırda digər formada davam etdirməyə çalışır.

“İndi informasiya müharibəsində bir sıra tezizlər irəli sürürlər. Bunlardan biri guya etnik təmizləmə aparılmasıdır. Təbii ki, bunların hamısı uydurmadır. Biz buna qarşı müvafiq tədbirlər görməliyik. Əslində isə etnik təmizləməyə 1988-ci ildə Qərbi Azərbaycandan qovulan azərbaycanlılar məruz qalıb. Amma Ermənistan iddia edir ki, onlar özləri gedib, heç bir qovulma olmayıb. Bu istiqamətdə elmi cəhətdən araşdırmalara ehtiyacımız var. Düzdür, müəyyən təbliğat alətlərimiz var. Amma elmi araşdırmalar olmayanda, qərb dairələri bunu qəbul etmir. Yaxın günlərdə biz bu istiqamətdə tədqiqatlara başlayacağıq. Bu işdə bizim əlavə qüvvəyə ehtiyacımız var. Tələbələri cəlb etmək istəyirik”.

Fərid Şəfiyev bildirib ki, Ermənistanla münasibətlər elmi, hüquqi müstəvidə davam etdiriləcək.

O bildirib ki, hazırda Beynəlxalq Ədalət məhkəməsində çəkişmələr gedir:

“Bir müddət əvvəl qərar qəbul edilib. Bu qərar əksər erməni iddialarını rədd edir. Orada iki yüksək maddə ilə bağlı qərar var. Amma Azərbaycan onsuz da əvvəlcədən öz öhdəliyini qəbul edib. Ermənilərin öz yerlərinə qayıtması, onlar üçün lazımi şəraitin yaradılması öhdəliyinə sadiqdir. Təbii ki, bizim də iddialarımız var. Bu münaqişə bizim ərazimizdə baş verib, bizim evlərimiz darmadağın edilib. Bəlkə, sülh sazişindən sonra münasibətlər normallaşa bilər”.

Gunununsesi.info