Pilot-layihə ilk olaraq Talış kəndində tətbiq ediləcək
Son Sankt-Peterburq danışıqlarından dərhal sonra Ermənistan prezidenti Serj Sarkisyanın işğal altındakı Azərbaycan torpaqlarına səfəri “Dua oxumaqla donuz darıdan çıxmaz” məsəlini bir daha gündəmə gətirdi. Yəni, bizə növbəti dəfə düşmənin, sadəcə, danışıqlarla Qarabağ torpaqlarını tərk etməyəcəyini anlatdı. Bunu son günlər Ermənistanın qeyri-hökumət təşkilatlarının Dağlıq Qarabağ mövzusunda fəallığı da sübut edir.
Bu dəfə söhbət Ermənistanın Azərbaycanla sərhəddəki və Qarabağda təmas xəttində yerləşən erməni kəndlərində veteran-döyüşçülərin məskunlaşdırılması təşəbbüsündən gedir. Gununsesi.info xəbər verir ki, bir sıra qeyri-hökumət təşkilatları “Taliş” fondu və Ermənistan və Dağlıq Qarabağ yunanlarının “Patrida” təşkilatının bu barədəki təşəbbüsünü dəstəkləyərək layihənin gerçəkləşdirilməsi üçün əllərindən gələni edəcəklərini bildiriblər. Artıq Azərbaycanla sərhəd ərazilərində xüsusi sərhədyanı yaşayış məntəqələri şəbəkəsinin yaradılması təklifi Ermənistan hökumətinə və qondarma “DQR” rejiminə də təqdim edilib. Hazırlanmış proqrama əsasən belə məntəqələrin sakinləri dinc şəraitdə fermer təsərrüfatları idarə edərək kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olacaq. Bununla da vətənlərinin iqtisadi inkişafına öz töhfələrini verəcəklər. Xarici təhlükə olduqda isə onlar dərhal sərhədçi kimi müdafiəyə atılacaq. Bu da kənardan ordu hissələri köməyə gələnədək postlardakı erməni qüvvələrinin duruş gətirməsinə yardım edəcək. Sərhədyanı ərazilərin məskunlaşdırılması və uyğun təşkilati aspektlərin nizamlanması işi ilə ixtisaslaşmış qeyri-hökumət fondlarının məşğul olacağı gözlənlir. Pilot-layihə kimi son aprel döyüşlərində diqqət mərkəzində olmuş Talış kəndinin ərazisində xüsusi yaşayış məntəqəsinin yaradılması planlaşdırılır…
(Moderator.az)