Ermənistan   - Qafqazın faşist dövləti

  • By Mayil
  • 15 İyul 2016 16:50

vamiq nəsirov

 

“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İB-nin təsis etdiyi “İrəvan – 2018” Hərəkatı “Qafqazın faşist dövləti: Ermənistan” mövzusunda dəyirmi masa keçirib. Bu haqda Gununsesi.info-ya qurumun mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, dəyirmi masada “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İB- nin və “İrəvan – 2018” Hərəkatının sədri Zaur Qəriboğlu tədbirin önəmindən danışıb. O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev hər zaman mətbuat nümayəndələri ilə görüşəndə jurnalistləri informasiya müharibəsində fəal iştirak etməyə, müdafiədən hücum taktikasına keçməyə çağırır: “Biz də bir təşkilat olaraq, məhz bu missiyanı üzərimizə götürmüşük və imkanlarımız daxilində bu işin öhdəsindən gəlməyə çalışırıq. Məhz, bu səbəbdən də “BİRA”-nı və “İrəvan – 2018” Hərəkatını təsis etmişik. Düşünürük ki, bu yöndə çalışmalarımızı daha da intensivləşdirək”-, deyə o bildirib.

Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümü başqanı, professor Qafar Çaxmaqlı mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. O, qeyd edib ki, 2004-ci ildə Ermənistanda, hazırda iqtidarda olan Respublikaçılar Partiyası tərəfindən çap edilmiş “Qaregin Njdenin Təlimi” kitabı artıq hər bir erməni üçün stolüstü kitab anlamına gəlir. Bundan başqa, bu gün kasıb Ermənistanın müstəqillikdən sonra ən böyük büdcəli (7 milyon ABŞ dolları) filmi “milli qəhrəman” Qaregin Njde haqqında çəkilib: “Filmdə ilk erməni respublikasının (1918-1920) hərbi lideri olmaqla bərabər, Njdenin 1930-cu illərdə “Tsexakron” (millətçi, xristian və bütpərəst mistizminin irqçi birləşməsi) adlı ideologiya yaratması qabardılır. Eyni zamanda, onun Ermənistanı Stalinin Sovet İttifaqından azad etmək üçün Hitlerin erməni legionunun qurulmasında aktiv iştrak etmiş bir şəxs olduğuna işarə vurulur. Bu faktlar filmdə heç göstərilmir, ölkənın millətçi tarixçiləri və siyasətçiləri tərəfindən onun bu “fədakarlığı ” təmizə çıxarılır.

Erməni sənətkarları açıq- aşkar irqçi qrupla bağlı bir şəxsi tərənnüm etmək üçün öz elitasına sənəti istismar etməyə icazə veriblər. Njdenin və onun cəfəng “ideologiyasının” ölkəni idarə edən Respublikaçılar Partiyası tərəfindən qəbul və tərənnüm edilməsi erməni toplumunun nə vəziyyətdə olduğunun sübutudur”.

Bundan sonra mövzu ətrafında çıxışlar başlayıb. Tədbirdə çıxış edən“Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin sədri Mehdi Mehdiyev, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov, “Eko Ekspert” İB – nin Şəbnəm Rəfailqızı, “Müharibə Veteranları Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə, Dünya Azərbaycanlıları Vətənpərvərlər İB-nin sədri Nəsimi Qarabağlı, BSU-nun tarix müəllimi Cavanşir Beydullayev və başqaları çıxış edərək erməni vəhşiliyinin bütün dünyaya çatdırılması baxımından belə tədbirlərin keçirilməsinin önəmindən danışıblar.

Sonda “İrəvan – 2018” Hərəkatı tərəfindən professor Qafar Çaxmaqlının ssenari əsasında ingilis dilində hazırlanan “Qafqazın faşist dövləti: Ermənisrtan” adlı videoçarxı tədbir iştirakçılarına təqdim olunub.

 

Gülnaz Qənbərli