Ermənistana göndərilən kokainlə bağlı yüksək vəzifəli məmurların adları hallanır: Həbslər gözlənilir

  • By admin
  • 18 May 2023 11:57

Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkəyə tonla kokainin gətirilməsi ilə bağlı sensasion işin araşdırılması zamanı böyük narkotik şəbəkəsinin izinə düşüb.

Bu barədə yerli kütləvi informasiya vasitələrində məlumat yayılıb.

Məlumata görə, şəbəkəyə həm Ermənistan vətəndaşları, həm də əcnəbilər cəlb olunublar.

“Hüquq-mühafizə orqanlarının bu işin başında böyük avtoritetlər və ya yüksək vəzifəli məmurların dayandığına dair şübhələri var, həbslər seriyasının olacağı gözlənilir. İş üzrə təqsirləndirilən şəxslərlə bağlı təfərrüatı yaxın zamanda açıqlayacağıq”, – deyə erməni mətbuatı yazır.

Qeyd edək ki, bir gün əvvəl, mayın 17-də Ermənistan Milli Təhlükəsizlik Xidməti Ekvadordan meyvə idxal edən şirkət tərəfindən respublikaya gətirilən bir ton kokain müsadirə edib. Nəhəng narkotik partiyası ölkəyə İtaliya və Gürcüstandan tranzit vasitəsilə gətirilib.

Bundan əvvəl İtaliya KİV-i yerli limanlardan birində 78 tonluq banan yükünün içərisində gizlədilmiş 2,7 ton kokainin saxlanması barədə məlumat yayıblar. Bu yük qaimələrinə əsasən, tədarük Gürcüstanın Batumi limanı vasitəsilə Ekvadordan Ermənistana göndərilib. Narkotikin ümumi dəyəri isə 800 milyon avro olaraq qiymətləndirilib.

Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, saxlanılan və ələ keçirilən yükün ümumi dəyəri təxminən 250 milyon avro təşkil edir. Cinayət işi çərçivəsində bir sıra ekspertizalar təyin edilib, dindirmələr aparılıb, müxtəlif səlahiyyətli strukturlara sorğular göndərilib.

Gununsesi.info