“Ermənistana son günlərdə hərbi təyinatlı yüklərin daşınması Azərbaycan dövlətini ciddi narahat edir” - NAQİF HƏMZƏYEV

İşğalçı Ermənistan illərdir beynəlxalq hüququn normalarını kobud şəkildə pozur, azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti aparır. Təcavüzkar hökumətin silahlı qüvvələrinin bölmələri hər gün atəşkəs rejimini pozur, iriçaplı pulemyotlardan və snayper tüfənglərindən ölkəmizin müxtəlif istiqamətlərini atəşə tutur.

Gununsesi.info-nun məlumatına görə, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın müddət əzində hərbi işğal altında saxlayan Ermənistana son günlərdə hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter alması Azərbaycan dövlətini, cəmiyyəti ciddi narahat edir. Çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirən Azərbaycanın münaqişəni sülh yolla həll etmək cəhdləri nəticəsiz qalır.

Ermənistanın və havadarlarının regional təhlükəsizliyin təmin olunması istiqamətində ölkəmizin atdığı ardıcıl və sistemli addımlara, problemin həllinə maraqlı olmaması Cənubi Qafqazda sabitliyin təmin edilməsinə ciddi təhlükə yaradır. Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələrindən, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatlarından, regionunda əsas söz sahibinə çevrilməsindən narahat olan düşmənlər sülhün və təhlükəsizliyin möhkəmlənməsinə ciddi zərbə vurmağa çalışırlar. Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter alması, Ermənistanın Suriyadan silahların alınması ilə bağlı “qara ticarət”lə məşğul olması ilə bağlı suallara hələ də cavab verilməyib.

Rusiyanın Ermənistanı silahlandırması, rəsmi Bakının buna etirazı və regionda cərəyan edən digər mühüm hadisələrlə eyni vaxtda Ermənistanda “Müdafiə haqqında” qanuna müvafiq düzəlişlər ediləcəyi gündəmə gəlir. Demoqrafik problem yaşadığı üçün ön cəbhəyə çıxartmağa resursu olmayan işğalçı ölkə ölkədə “hərbi könüllü dəstə”ləri yaratmağı planlaşdırır. Əsl simasının maska altında saxlamağı yaxşı bacaran hiyləgər erməni hakimiyyəti bu dəfə də saxtakarlığa əl atır. Məkirli Paşinyan hakimiyyəti Ermənistan ordusunun zəif olduğuna görə könüllülərin imkanlarından istifadə edilməsi məsələsi gündəmə çıxarır.

Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək 500 tondan artıq daşınan hərbi təyinatlı yüklər, müxtəlif ölkələrdən olan terrorçular, muzdlular hesabına könüllülər dəstəsinin yaraılması Ermənistanın sülhə yox, məkrli siyasətlərini həyata keçirməyə hazırlaşdığını göstərir.

Azğın düşmən bir məqamı unudur ki, tezliklə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı bütün kənd və qəsəbələrimiz düşmən tapdağından azad ediləcək. Bu dəfə məkrli planlar ilk növbədə işğalçı Ermənistanın hakimiyyətinə, xalqına ciddi zərbə vuracaq.

Gununsesi.info