Qərbi azərbaycanlıların hüquqlarının qorunması məsələsində biz həmişə Azərbaycan dövlətinin qayğısını hiss etmişik.
Gununsesi.info xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Bakıda keçirilən “Ermənistandan didərgin salınmış Azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Ələlxüsus, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra, bu sahədə sistemli tədbirlər həyata keçirilib. Ötən illər ərzində Azərbaycan Respublikası Hökuməti Ermənistandan qovulmuş azərbaycanlı qaçqınlara əhəmiyyətli həcmdə sosial-iqtisadi yardımlar göstərib, onların dinc və təhlükəsiz şəkildə inkişafını təmin edib, hüquqlarının qorunması məsələsini beynəlxalq müstəvidə qaldırıb. Prezident İlham Əliyevin bu məsələdə daima nümayiş etdirdiyi prinsipial mövqe, ələlxüsus, 24 dekabr 2022-ci ildə İcmamızın inzibati binasını ziyarəti, orada proqram xarakterli çıxış etməsi, Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunmasına və onların öz doğma torpaqlarına qayıtmasına möhkəm və birmənalı dəstək ifadə etməsi bizi xüsusilə ruhlandırıb”.
Onun sözlərinə görə, dünya miqyasında qaçqınların sayında təəssüf doğuran artımı ürək ağrısı ilə müşahidə edirlər.
“Qaçqın və məcburi köçkünlərin əhəmiyyətli bir hissəsi öz yurdlarından silahlı münaqişələrin yan təsiri kimi didərgin düşmüşdür. Lakin bəzi hallarda məkrli aktorların silahlı münaqişələri məhz etnik təmizləmə məqsədilə başlatdığı qeyd edilməlidir. Belə mənfur nümunələrdən biri də Ermənistanın əməlləridir.
Ermənistanın hərəkətləri Ermənistandakı azərbaycanlıların öz ata-baba yurdlarından qovulması ilə nəticələnmişdir. Nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb”, – icma sədri deyib.
Əziz Ələkbərli vurğulayıb ki, Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi sistemli şəkildə dağıdıb.
“Etnik təmizləmə qeyri-maddi mədəni irsimizə də ciddi mənfi təsir göstərmişdir. Bizim adət-ənənələrimiz, həyat tərzimiz və sosial bağlarımız xeyli zərər görmüşdür. Ermənistan hökuməti Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək məqsədi ilə UNESCO-nun missiyasının Ermənistana göndərilməsinə imkan vermir. Avropa İttifaqı bizim dini və mədəni abidələrin dağıdılması və ziyarət hüququmuz məsələsinə tam etinasızlıq nümayiş etdirib”, – o deyib.
İcma sədri qayıdışa dialoq yolu ilə nail olmaqda əzmli olduqlarını vurğulayıb.
“İcma beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə, həmçinin sülh, barışıq, reinteqrasiya və birgəyaşayış dəyərlərinə hörmət edilməsinin tərəfdarıdır.
Biz humanitar və insan hüquqlarına əsaslanan gündəliyə möhkəm bağlılıqla fəaliyyət göstərən İcmayıq. Vətənimizə dinc yolla qayıtmaq tələblərimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirən hal kimi yanlış təfsir edilə və ya təqdim oluna bilməz. Qayıdış məsələsi üzrə Ermənistan Hökuməti ilə hər zaman birbaşa dialoqa hazır olduğumuzu bir daha bəyan edirik. Biz Ermənistanı keçmişdən dərs çıxarmağa, düşmənçilik və nifaq siyasətinə son verməyə, bölgədə yaranmış sülh imkanını lazımınca dəyərləndirməyə və Qərbi azərbaycanlılarla barışıq üçün real addımlar atmağa çağırırıq”.
Gununsesi.info