Ermənistanda hərbi çağırışçılarla bağlı qaydalar dəyişdirilir

  • By Mina
  • 18 Aprel 2024 13:31

Ermənistan hökuməti hərbi xidmətdən azad olmaq hüququ verən xəstəliklərin siyahısını azaldıb.

Gununsesi.info xəbər verir ki, müvafiq qərar bu gün Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Müdafiə naziri Suren Papikyanın sözlərinə görə, indi bəzi xəstəliklər orduda xidmət imkanını tamamilə istisna etməyəcək və məhdudlaşdırıcı kimi təsnif ediləcək.

Bu rejim kliniki simptomları və patoloji dəyişiklikləri olmayan kistanın mövcudluğunda, həmçinin uroloji və nevroloji xəstəliklərin yüngül formalarında, o cümlədən enurezdə istifadə olunacaq.

Bu hallarda çağırışçılar məhdud şəkildə – döyüş növbətçiliyinə cəlb edilmədən, şəxsi heyətə və ya idarəetmə vasitələrinə komandanlıq hüququ olmadan xidmət edəcəklər.

Baş nazir Nikol Paşinyan xidmətdən azad olunma ilə bağlı şübhəli hallarla bağlı narahatlığını bildirib. O vurğulayıb ki, bu hallarla bağlı məlumatlar adətən hərbi komissarlıq və ya klinikalardan deyil, şəxsi yoxlamaların nəticələrinə əsasən nazirlərdən daxil olur.

“Beş ildir ki, bu strukturlarda işləmiş və heç vaxt belə pozuntular barədə məlumat verməyən şəxslər orada işləməməlidirlər, biz təqsirsizlik prezumpsiyasını pozmuruq, amma günahı sübuta yetirilə bilənlər cəzalandırılacaq”, – deyə baş nazir əlavə edib.

O, Səhiyyə Nazirliyinə və Müdafiə Nazirliyinə həmin əməkdaşların işini yoxlamağı tapşırıb.

Gununsesi.info