Ermənistanda KTMT-dən çıxmaq TƏLƏBİ: İrəvan Rusiya əleyhinə ritorikanı gücləndirir

  • By admin
  • 02 Oktyabr 2023 09:51

Bir sıra ictimai-siyasi qüvvələr Ermənistan hakimiyyətini dərhal Rusiyaya bağlı təşkilatlardan çıxmaq prosesinə başlamağa və Avropa İttifaqına üzvlük üçün müraciət etməyə çağırıb.

Gununsesi.info  “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, onlar bir gün əvvəl Müstəqillik Forumu zamanı bu barədə bəyanat qəbul ediblər.

Bəyanat müəllifləri “Rusiya və Azərbaycan tərəfindən Ermənistanın müstəqilliyi və ərazi bütövlüyünə təhdidləri” pisləyib və Ermənistan hakimiyyətini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi İttifaqı (Aİİ) və MDB-dən çıxmağa çağırıblar.

Ermənistan hakimiyyətinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməyə hazır olmasını alqışlayan təşkilatlar və şəxslər onları heç bir qeyd-şərtsiz bunu etməyə çağırırlar.

Onlar həmçinin Ermənistan hakimiyyətini Rusiya ilə bütün hərbi və iqtisadi sazişləri pozaraq, Rusiya dövlət televiziyası və onlarla əlaqəli televiziya kanallarının yayımını qadağan edərək, faktiki olaraq Rusiyanın rəhbərlik etdiyi KTMT, Aİİ və MDB-dən çıxmağa çağırıblar.

Bəyanatda həmçinin Avropa İttifaqının (Aİ) tam üzvlük tələbi, Aİ üzv dövlətləri, ABŞ, Kanada, Hindistan və Birləşmiş Qərbin digər demokratik ölkələri ilə ikitərəfli strateji tərəfdaşlıq sazişləri imzalamağa,  həmçinin Qərb ölkələri və Avro-Atlantik dövlətlərlə ikitərəfli və çoxtərəfli hərbi və hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi istiqamətində addımlar atmağa çağırılır.

Səid Əhmədli
Gununsesi.info