Ermənistandan Rusiyaya “əsgərlərini çıxar” məktubu – Kremldən reaksiya

  • By admin
  • 13 Mart 2024 13:35

İrəvan rəhbərliyi Moskvadan bir addım da uzaqlaşır.

Gununsesi.info xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan rus əsgərlərinin paytaxt İrəvandakı Zvartnots beynəlxalq hava limanından geri çəkiləcəyini açıqlayıb.

Paşinyan bəyan edib ki, 1992-ci ildən Rusiya sərhəd qoşunlarının hava limanında yerləşdirilməsi üçün əsas olan müqavilə avqustun 1-dən etibarən ləğv ediləcək.

Məsələ ilə bağlı Rusiya tərəfinə məktub göndərildiyini və bildiriş verildiyini deyən Paşinyan qeyd edib ki, Ermənistan sərhədçiləri hazırda Zvartnots hava limanında “Rusiya tərəfinin köməyi olmadan xidmət etmək üçün bilik, təcrübə və imkanlara çatıblar”.

Kremlin sözçüsü Dmitri Peskov da Ermənistandan bu istiqamətdə sorğu aldıqlarını təsdiqləyib. Peskov iki tərəf arasında təmasların bütün səviyyələrdə davam etdiyini bildirib, lakin detalları açıqlamayıb.

Sovet İttifaqının dağılmasından sonra Rusiya ilə Ermənistan arasında imzalanan müqavilə ilə hava limanına yerləşdirilən Rusiya Sərhəd Mühafizəçiləri hava limanının təhlükəsizliyini təmin etməklə yanaşı, ölkədəki rus əsgərlərinin təchizat təhlükəsizliyini təmin etmək üçün də fəaliyyət göstərib.

Ermənistanın baş naziri Paşinyan da vurğulayıb ki, məsələyə “siyasi və ya geosiyasi deyil, texniki məsələ” kimi baxmaq lazımdır.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da ötən həftə verdiyi açıqlamada hava limanında Rusiya hərbi nəqliyyat əməliyyatlarının əhəmiyyətli dərəcədə azaldığını bildirib.

 

Gununsesi.info