“2022-ci ildə biz başa düşdük ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bizim qarşısımızda öhdəliklərini yerinə yetirməyib, yerinə yetirmir və yerinə yetirməyəcək. O an Ermənistan müstəqil oldu, çünki başa düşdük ki, yalnız özümüzə arxalana bilərik”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib.
O bildirib ki, təşkilata üzv ölkələrin Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməməsi ölkənin bu birlikdən azad olunmasını şərtləndirib.
Bəs, Ermənistanın Kollektiv Təhlükəslik Müqavirəsi Təşkilatından çıxması ölkə üçün hansı nəticələrə səbəb ola bilər?
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan politoloq İlyas Hüseynov vurğulayıb ki, təşəbbüsün müəllifi əsasən Rusiyadır:

“Rusiya ilə gərgin münasibətlər fonunda Ermənistan həm Rusiya ilə, həm də çoxtərəfli əməkdaşlığı istisna edir. Qarşıdakı dövrdə KTMT-dən çıxmaq haqqında qəti və ardıcıl qərarlar verilə bilər.
Lakin bu addım Rusiya-Ermənistan münasibətlərinin daha da gərginləşməsinə səbəb olacaq və artıq Ermənistanın KTMT-dəki siyasi mövqeyi Kreml tərəfindən neqativ qarşılanır”.
Politoloqun sözlərinə görə, çətinliklərə baxmayaraq, Ermənistan KTMT-dən çıxmaqla özünü daha azad siyasi mövqeyə gətirə bilər:
” Qərblə — xüsusilə Avropa İttifaqı və ABŞ ilə — əməkdaşlıq imkanlarını artıra bilər. Bu, İrəvana yeni təhlükəsizlik və iqtisadi dəstək kanalları açaraq regionda daha çevik manevr etməyə imkan verə bilər”.
Şəbnəm Rəhimova













