Ermənistanın sərhəddəki təxribatı ilə bağlı cinayət işi AÇILDI

Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb.

Vurğulanmalıdır ki, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşımaqla yanaşı, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunub.

Baş vermiş hadisələrlə bağlı toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 100.2 (təcavüzkar müharibəni aparma),  116.0.7 (müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və digər maddələri ilə Gəncə, Qubadlı və Kəlbəcər hərbi prokurorluqlarında cinayət işləri başlanıb, istintaq qrupları yaradılmaqla operativ istintaq hərəkətləri icra olunur.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir.
Ermənistan Respublikasının təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlər  görülür.

Media nümayəndələrindən, həmçinin sosial media istifadəçilərindən rəsmi olmayan və dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməməsi xahiş olunur.

Bildirilib ki, ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq.

Gununsesi.info