Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb

  • By admin
  • 01 Sentyabr 2023 10:59

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olmuşdur.

Gununsesi.info Hərbi Prokurorluğun mətbuat xidmətinin rəisi Firad Əliyevə istinadən xəbər verir ki, Kəlbəcər hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınmış, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülmüş və digər hərəkətlər icra edilmişdir.

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.
ALLAHdan hərbçimizə şəfa diləyirik.

10:04

Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Məhəmməd Ramiz oğlu Tağıyev yaralanıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Qarşı tərəfin təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib.

Hazırda qeyd olunan istiqamətdə mövqelərimizin atəşə tutulması davam edir. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.

Bildiririk ki, Ermənistan tərəfinin törətdiyi təxribatın nəticələrinə görə bütün məsuliyyət məhz bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – məlumatda qeyd edilib.

Gununsesi.info