“Ermənilər Rusiyanın himayəsini hiss etsələr, fəallaşa bilərlər” – AÇIQLAMA

  • By admin
  • 20 Dekabr 2020 14:32

Tahir Kərimli: “Azərbaycan Türkiyədən vaz keçən deyil. Türkiyə burada var və buraya gətiriləcək”

“Ermənilərin havadarları pat vəziyyətindədirlər və düşünürlər ki, hansısa statusla onları razı salsınlar”

Azərbaycan Qarabağ müharibəsindəki şanlı qələbəsilə ərazilərinin böyük hissəsini işğaldan azad etdi. Artıq Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesi gedir. Lakin eyni zamanda bəzi xarici mərkəzlər yenidən “Dağlıq Qarabağ” və onun statusu məsələsini gündəmə gətirməklə sanki ermənilərə “qaz” verir. Şübhəsiz ki, bu, neqativ proses olmaqla yanaşı yeni qarşıdurmalar üçün əsas yarada bilər. Bu mənada sülhməramlı missiyanın fəaliyyətinə nəzarəti gücləndirmək vacib şərt kimi ortaya çıxır.

Gununsesi.info xəbər verir ki, “AzPolitika.info” bu mövzunu Milli Məclisin deputatı Tahir Kərimli ilə müzakirə edib:

– Tahir bəy, cəmiyyətdə, sosial şəbəkələrdə insanlarımızın, eləcə də bəzi həmkarlarınızın rus sülhməramlılarının bölgədəki fəaliyyətini tənqid edən fikirlərinə çox rast gəlinir. Əlbəttə, bu narazılıq səbəbsiz deyil və ona əsas yaradan bəzi hadisələr müşahidə edilməkdədir. Bəs, Sizin bu mövzuda fikirləriniz nədən ibarətdir?

– Xalqımız bəlkə də sülhməramlıların Qarabağda yerləşdirilməsini istəmirdi. Açıq danışaq, bəziləri mənə irad tuturlar. Amma mən yalan danışa bilmərəm. Xalqımız istəmirdi. İçi mən qarışıq təsəlli tapdıq ki, Rusiya Prezidenti Vladimir Putin deyir ki, Xankəndi daxil olmaqla Dağlıq Qarabağ Azərbaycanın suveren ərazisidir. Bu, bizdə bir qədər toxtaxlıq yaratdı. O mənada ki, nəhəng Rusiya dövlətinin başçısı belə deyirsə, onun vətəndaşları da məsuliyyətli olmalıdır. İndi mən sülhməramlıların fəaliyyətilə bağlı soruşmaq istəyirəm: əvvala, sənin ali baş komandanın, dövlət başçın belə dediyi təqdirdə və üstəlik 10 noyabrda imzalanan üçtərəfli sazişdə bunlar qeyd edildiyi halda, nədən Qarabağdakı erməni yaraqlılarını ərazidən çıxarmır və ya bu işlə məşğul olmursan?

İkincisi, sənin prezidentin Azərbaycanın dövlət suverenliyinə aid etdiyi ərazidə sən nədən bu süverenliyin əleyhinə olan təşkilatlanmalara imkan verirsən? Hətta özün də onlarla görüşürsən? Bilə-bilə ki, onlar Azərbaycanın dövlət suverenliyinin əleyhinə fəaliyyət göstərir, təşkilatlanırlar. Sən öz prezidentinin dediyini etmir, əslində öz dövlətinin əleyhinə gedirsən.

Bir də görürsən ki, mübahisə olan yerdə sülhməramlılar özləri gəlib sərhədi qoyur və deyir ki, təmas xətti buradır. Xəritəni dəyişir. Axı bu, sənin səlahiyyətinə aid deyil. 10 noyabr sazişində göstərilir ki, sovet dövründə inzibati sərhədlər harada olub, sonradan dövlət sərhədinə keçib və s. Bizə məlumdur ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və digər rəsmi şəxslər sülhməramlıların komandanı Rüstəm Muradovla görüşüb. Yəqin ki, bu məsələlər barədə danışılıb, iradlar ifadə edilib. Biz də təklif edirik ki, Azərbaycan hakimiyyətinin müxtəlif strukturları öz xətti ilə bu məsələləri Rusiya rəhbərliyinə çatdırsınlar. Çünki bunlar narahatedici hallardır, onların qarşısı alınmasa faktiki ermənilərin istəyi reallaşar. Bu gün də ermənilər Rusiya ilə Azərbaycanın arasını vurub, dividendlər əldə etmək istəyirlər.

Odur ki, biz diplomatik səylərimizi elə yönləndirməliyik ki, Rusiya bir neçə milyon ermənini deyil, 10 milyonlarla türkün səsini eşitsin. Bunu niyə deyirəm? Prezident Putin özü bildirdi ki, bu məsələ həm də Rusiyanın daxili təhlükəsizlik işidir. Onun özü yaxşı bilir ki, Rusiya daxilində 20-30 milyon müsəlman-türk yaşayır. Bu kimi hallar onları da üzür, narahatlığa səbəb olur. Sən hər gün erməniləri televiziyalara çıxarıb yanlış ictimai rəy və milyonlarla vətəndaşında narazılıq yaradırsan. Hesab edirəm ki, biz xəbərdarlıq etməliyik. Məndə belə əminlik var ki, artıq Rusiya da inanır ki, Qafqazda Türkiyə-Rusiya əməkdaşlığı ola və bu istiqamətdə işlər irəliyə gedə bilər. Bu mənada heç nə itirilməyib.

– Türkiyə hərbçilərinin bölgəyə gəlişinə dair müzakirələr çox olsa da, bu məsələdə konkretlik hələ də müşahidə edilmir. Bununla bağlı sizdə hansı gözləntilər var?

– Bilirsinizmi, bəzən hər şeyi demirlər. Əvvəl üçtərəfli razılaşma zamanı Türkiyə sanki kənarda qaldı. Əvvəl belə fikir vardır ki, bəlkə rus-türk sülhməramlıları birgə fəaliyyət göstərəcək. Bu hal psixoloji təsirini göstərdi. Bunu gizlətməyə də dəyməz. Monitorinq Mərkəzi var və elan edirlər ki, rusların gətirdiyi say qədər, yəni 1960 əsgər də Türkiyə tərəfindən gələcək. Amma sadəcə, monitorinq üçün bu qədər əsgərə harada və necə ehtiyac olduğunu mən bilmirəm. Biz suveren hüquqlarımızdan istifadə edərək Türkiyəni dəvət etməliyik. Necə ki, türkləri inşaat, quruculuq işlərinə dəvət edirik, hərbi sahəyə də dəvət etməliyik. Hər halda bu, mənim şəxsi fikrimdir.

– Məlum olduğu kimi, artıq tərəflər arasında əsirlərin dəyişdirilməsi prosesinə başlanılıb. Sizcə, bu proses tərəflər arasında yumşalmaya səbəb ola bilərmi?

– Əslində bu, müsbət prosesdir. Biz, bu müharibədə qalib tərəfik, intiqamımızı və ərazilərimizi almışıq. Biz sözümüzü döyüş meydanında demişik. Əlbəttə, intiqamımızı əsir və ya girovlardan alası deyilik. Bu, milli təbiətimizə də uyğun olmazdı. Bu mənada əsirlərin mübadiləsini müsbət hadisə sayıram. Əlbəttə, bu proses həm də Azərbaycan tərəfinin irəli sürdüyü şərtə – “hamının hamıya” prinsipi əsasında həyata keçirilir. Sözsüz ki, üçtərəfli razılaşmada da əsir və girovların dəyişdirilməsi haqda müddəa var idi.

Məncə, bu proses tərəflər arasında yumşalmaya da səbəb ola bilər. Ermənistan çox acınacaqlı durumdadır. Özünü daha çox yükləyir, nəinki Azərbaycanla əməkdaşlığa meyl edir. Halbuki üçtərəfli razılaşmada qeyd edilirdi ki, komunikasiya, lojistik xətlərin açılması vacibdir. Məncə, bu haqda düşünməlidirlər. Sən buna məhkumsan. Daxili proseslərdə bir-birini qırır, siyasi oyunlar oynayırlar. Ermənistan gec-tez digər məsələlərlə bağlı da razılaşmaya gələcək. Hesab edirəm ki, onların başqa yolu da yoxdur.

– Bundan sonrakı prosesləri necə görürsünüz, bizi qarşıda hansı maneələr gözləyə bilər, təxribatlar gözləniləndirmi?

– Biz siyasi cəhətdən bu təxribatların qarşısını almasaq, toqquşmalar ortaya çıxa bilər. Onlar partizan adı ilə dəstələr düzəldəcəklər. Meşələrdə, orda-burda gizlənə, üstəlik Rusiyanın himayəsini hiss etsələr, fəallaşa bilərlər. Mən demirəm ki, yenidən müharibə olacaq. Onların Azərbaycanla müharibə aparmaq imkanları və şansları yoxdur. Böyük texnikaları bu müharibədə Azərbaycan tərəfindən zərərsizləşdirilib. Üstəlik, siyasi-mənəvi cəhətdən yaman günə qalıblar. Sadəcə, bunların daxilində narazı və radikal qüvvələr var. Onlar Rusiyadakı müəyyən dairələrdən istifadə edib aranı qarışdıra bilərlər. Bu mənada bu kimi hallar siyasi yollarla dəf edilməli, Rusiya rəhbərliyindən təminat alınmalıdır.

İndiki halda Rusiyanın rəsmi siyasəti ondan ibarətdir ki, Qərbə, NATO-ya qarşı Türkiyənin soyuması, üstəlik “S-400” kompleksləri ilə bağlı yaranan duruma adekvat olaraq Ankara ilə münasibətləri inkişaf etdirsin. Bu da mümkündür. Rusiya İranla 6 dəfə müharibə edib, amma indi yaxşı dostdurlar. Türkiyə ilə nə üçün olmasın? Bir daha vurğulayım ki, Rusiyanın maraqları, habelə bu ölkədə yaşayan 10 milyonlarla müsəlman-türk də bunu istəyir. Onsuz da, Azərbaycan Türkiyədən vaz keçən deyil. Türkiyə burada var və buraya gətiriləcək. Türkiyənin bura gətirilməsi bizim dövlət suverenliyimizə müsbət təsir edir. Biz həm də qardaşıq, sınaqdan çıxmışıq. Türkiyə-Azərbaycan birliyi 93 milyon deməkdir. 2 milyon erməniyə görə, bundan vaz keçmək olar? Rusiya bunu bilir, sadəcə hakimiyyət içində ermənilər kök salıb və proseslərə təsir etmək istəyirlər. Onlar Vladimir Putinə təsir etmək istəsələr də, buna müvəffəq olmurlar. Sergey Lavrov səviyyəsinə çıxırlar və bundan o tərəfə gedə bilmirlər. Çünki Putin dövlətin məsuliyyətini başa düşür. Sadəcə, Putin də bəzən ermənipərəstlərin, hərbi-sənaye kompleksinin fikirlərilə razılaşır. Amma strateji baxımdan Rusiya Türkiyə və Azərbaycanla yaxınlaşma xəttini götürüb. Mən belə görürəm.

 

Gununsesi.info