“Ermənilərin revanş istəkləri intihar ola bilər” – Deputat

  • By admin
  • 04 Yanvar 2021 18:23

Əgər Ermənistandakı revanişsitlər nəsə etmək istəsələr, bu dəfə onlar üçün daha ağır nəticələr olacaq.

 

Gununsesi.org bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, bu gün Ermənistan cəmiyyətində 44 günlük acı məğlubiyyətdən sonra revanşist fikirlər səsləndirilir: “Hətta Ermənistanın prezidenti Armen Sarkisyan bir qrupu müxalifətçi və siyasi fəalla görüşündə növbəti müharibənin süni intellektlə müşahidə olunan müharibə olacağını deyib. Belə aydın olur ki, ermənilər yenə də istək və arzularını, xəyallarını reallıq kimi qəbul edirlər.

44 günlük müharibədə ordusu məhv olunan, siyasi böhran, iqtisadi tənəzzül, dərin sosial problemlər bataqlığında çabalayan Ermənistanın bu cür revanşist fikirlər səsləndirməsi sadəcə gülünc doğurur. Müzəffər Azərbaycan Ordusu ermənilərin 30 ilə yaxın müddət ərzində qurduqları “keçilməz sədləri” 44 gündə darmadağın etdi, Ermənistan ordusunu məhv etdi və özü də ən az itkilərlə, yüksək peşəkarlıqla, dünyada misli görünməmiş hərbi taktika ilə.

Ermənistan prezidenti bir tərəfdən süni intellektlə idarə olunan silahlardan dəm vurur, digər tərəfdən isə müharibədə ölənlərin ailələrinə, yaralılara pensiya verməyə, yardım göstərməyə pul tapmadıqlarını bildirir. Görəsən, pensiya verməyə pul tapmayan bir ölkə süni intellektlə idarə olunan silahları hansı pulla alacaq?! Əhalisini xaricdən gələn ianələr hesabına güclə yoxsulluq içində yaşadan bir ölkəyə belə bahalı silahları almağa kim bu qədər pul verəcək?!”.

Deputat bildirib ki, 44 günlük müharibə bütün həqiqətləri ortaya çıxardı: “Ermənistan təkcə döyüş meydanında deyil, bütün istiqamətlərdə məğlub oldu. İstər iqtisadi baxımdan, istər informasiya müharibəsi baxımından, istərsə də beynəlxaq dəstək baxımından çarəsiz duruma düşdülər. Ermənistan nə qədər çalışsa da öz işğalçılıq siyasətinə beynəlxalq dəstək qazana bilmədi, heç bir güc Azərbaycanı haqlı davasından çəkindirə bilmədi, bir çox ölkələr isə Azərbaycanın haqlı mövqeyini dəstəklədi, hətta Ermənistanın BMT-də Azərbaycan əleyhinə qətnamə qəbul etdirmək cəhdi də puça çıxdı.

Ermənilər özləri etiraf edirlər ki, müharibənin 3-4-cü günü artıq uduzacaqlarını bilirdilər. Yəni onların 30 ildə qurdqları yalnız 3-4 gün tab gətirməyə qadir oldu. Bəs, görəsən, ordusu məhv olan bir ölkə qüdrətli Azərbaycandan necə revanş ala bilər?! Bu, revanş deyil, sadəcə, intihar ola bilər”.

Deputat bildirib ki, Azərbaycan öz ordusunu gücləndirməkdə davam edir: “Məlumdur ki, Azərbaycanın 2021-ci il dövlət büdcəsindən müdafiə və təhlükəsizlik xərcləri artırılaraq 2,7 milyard dollara çatdırılıb. Ermənistanda isə bu məbləğ cəmi 500 milyon dollardır, onun da reallıqda mövcud olduğu şübhə doğurur.

Digər tərəfdən insan amili mühüm rol oynayır. Bu gün Ermənistanda heç 2 milyon əhali yoxdur, 44 günlük müharibədə də döyüşə göndərməyə adam tapa bilmirdilər. Azərbaycanın isə 10 milyondan çox əhalisi var və 44 günlük müharibədə könüllü olaraq döyüşə getmək istəyənlərin çoxu ehtiyac olmadığı üçün geri qaytarıldı. Yəni Azərbaycan həm insan kapitalı, həm də silah-sursat baxımından öz hərbi potensialının az bir hissəsindən istifadə etməklə düşməni torpaqlarımızdan qovdu. Bu gün Azərbaycan bütün istiqamətlər üzrə inkişafını davam etdirir, hərbi qüdrətini daha da gücləndirir, ordunun peşəkarlığını daha da artırır. Bu baxımdan ermənilərin revanşist fikirləri, sadəcə xülyadır və onların sonu ola bilər. Yaxşı olar ki, ermənilər belə mənasız xülyalara qapılmaq əvəzinə düşdükləri dərin böhrandan çıxmaq haqqında düşünsünlər”.

Gununsesi.org