Ermənilərin xain planı: Rusiya bu addımı atmalı olacaq

  • By admin
  • 07 Mart 2022 14:42

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Goranboy, Tərtər, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri sutka ərzində müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə 23 dəfə atəşə tutulub.

Bundan başqa Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.

Bölmələrimiz tərəfindən həmin istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Separatçıların növbəti təxribatı barədə Modern.az-a danışan hərbi ekspert Şair Ramaldanov bildirib ki, Rusiya sülhməramlıları belə xoşagəlməz halların qarşısını almalıdır:

“Bir müddət vəziyyət sakit idi. Təəssüf ki, indi Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə tərkisilah edilməmiş ermənilər tərəfindən Azərbaycan əsgərləri yerləşən istiqamətə atəş açıblar. Orada yerləşən ermənilərin elə gücü yoxdur ki, hansısa irimiqyaslı təxribat həyata keçirsinlər. Digər tərəfdən Rusiya sülhməramlılarını da pis vəziyyətə qoyurlar. Sülhməramlı qüvvələrin yerləşdiyi ərazidə atəşkəsi məhz onlar qorumalıdır”.

Ehtiyatda olan polkovnik sözlərinə görə, separatçıların məqsədi Azərbaycan tərəfinə aydındır. Onlar Rusiya və Azərbaycanı üz-üzə qoymağa çalışırlar:

“Azərbaycan bölmələrinin Rusiyanın müvəqqəti nəzarət etdiyi ərazidə əməliyyat aparmayacağını düşünürlər. Bu fonda ancaq sülhməramlı qüvvələrə hansısa iradlar tutulacağını bilirlər. İstəyirlər ki, Azərbaycan ilə sülhməramlı qüvvələr arasında soyuqluq yaratsınlar. Bununla da separatçıların tərkisilah edilməsi yubansın. Həm də təxribatın siyasi tərəfləri nəzərə alınmalıdır.

Separatçı rejimin planları var. Hətta, bu yaxınlarda Ermənistan ombudsmanı da Qarabağa qanunsuz səfər edib. Ümumiyyətlə, mən deyərdim ki, əgər Ermənistanın hansısa dövlət nümayəndəsi separatçı rejimlə görüşürsə, yaxud Azərbaycan ərazisinə qanunsuz daxil olursa, müəyyən mənada gərginlik yaranır. Eyni zamanda Azərbaycan tərəfindən Rusiya sülhməramlı qüvvələrinin qarşısında ermənilərin tərkisilah edilməsini tələb etmək üçün ciddi zəmin yaranır”.

Ş.Ramaldanov qeyd edib ki, Rusiya sülhməramlı qüvvələri bu öhdəliyi yerinə yetirməli olacaq:

“İndi Rusiyanın başı Ukraynada müharibəyə qarışıqdı. İqtisadi sanksiyalar bir tərəfdən, qadağalar digər tərəfdən Rusiya çətin vəziyyətlə üzləşib. Ermənilər bu vəziyyətdən istifadə etmək istəyir. Azərbaycan tərəfi Rusiya sülhməramlı qüvvələri qarşısında müəyyən tələblər qoya bilər. Əgər sülhməramlı qüvvələr ermənilərin atəşkəsi pozmasının qarşısını ala bilməsə, onda Azərbaycan özü bu problemi həll etməli olacaq. Düşünürəm ki, bütün proseslər erməni separatçıların tərkisilah edilməsinə gətirib çıxaracaq”.

Gununsesi.info