Ermənistan aldığı zərbələrdən sonra ağıllanmasa… - Deputat

  • By admin
  • 09 Sentyabr 2021 16:22

“Paşinyan və onun yanında olanlar bilməlidir ki, Ermənistanın tək çıxış yolu qonşu dövlətlərlə normal münasibət yaratmaqdır. Ermənistan xüsusilə də Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, ermənilərin bizimlə əlaqələri yaxılaşdırmaqdan başqa çarəsi yoxdur: “Ermənistan düşdüyü ağır vəziyyətdən çıxmaq üçün heç bir şərt irəli sürmədən ərazi iddialarından əl çəkib Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanıyıb, əməkdaşlıq etməyə çalışmalıdır. Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsi ən yaxın yol ilə Avropaya çıxmaq deməkdir. Ermənilər Azərbaycan və Türkiyə kimi inkişaf etmiş dövlətlərlə əməkdaşlıq etməklə düşdükləri ağır vəziyyətdən çıxmaq şansı əldə edəcək. Ancaq bütün bunlara nail olmaq üçün ilk öncə düşmənçilik siyasətindən əl çəkməlidir və əsası olmayan bəyanatlar verməməlidir”.

Elman Məmmədov vurğulayıb ki, Ermənistan aldığı zərbələrdən sonra ağıllanmasa, yenə qıcıqlandırıcı çıxışlar etsə, kənar qüvvələrin təhriki ilə təxribatlar törətsə, bundan da pis vəziyyətə düşəcək:

“Heç bir dövlətə və xalqa müharibə lazım deyil. Onların rəhbərliyi erməni xalqının gələcəyi üçün qonşu dövlətlərlə mehriban münasibətlər yaratmalıdır. Ermənilər yenidən təxribat törədərsə, dəmir yumruq onların başını əzəcək. Uzaqgörən rəhbər xalqının rifahı və sülh içində yaşaması üçün çalışmalıdır. Yəni Ermənistan rəhbərliyi çalışmalıdır ki, Azərbaycan və Türkiyə ilə münasibətlər inkişaf etsin. Bu cür hərəkət etsələr, bəlkə də erməni tarixinin ən ağıllı siyasətçiləri onlar olar. Ancaq Paşinyan dayanıqlı siyasətə sahib olan rəhbər deyil. Onun bu gün dedikləri ilə ötən gün dedikləri bir-birinə uyğun gəlmir. Çıxışlarında həm əməkdaşlıq etməkdən danışır, həm də digər tərəfdən təxribatlar törədir. Ermənilər bizimlə əməkdaşlıq etmək istəyirsə, Qarabağla bağlı mənasız çıxışlarından və iddialarından əl çəkməlidirlər”.

Gununsesi.info