“Ermənistan bölmələrinin Qarabağdan çıxarılması sentyabrda başa çatacaq” -Qriqoryan

  • By admin
  • 19 İyul 2022 14:10

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsindən sonra Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılmasını məntiqli adlandırıb.

Gununsesi.info xəbər verir ki, A.Qriqoryan bu barədə “Armenpress”ə müsahibəsində bildirib.

“Atəşkəs əldə edildikdən və Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağa yerləşdirilməsindən sonra Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılması məntiqlidir”, – Armen Qriqoryan deyib.

“Atəşkəs əldə olunandan sonra onlar Ermənistan Respublikasına qayıdırlar. Bu proses yekunlaşmaq üzrədir və sentyabrda başa çatacaq”, – deyə o sözlərinə əlavə edib.

Bununla belə, A.Qriqoryan deyib: “Müdafiə ordusuna gəlincə, o, Qarabağda olub və orada qalmaqda davam edir”.

O, həmçinin bildirib ki, Ermənistandan Qarabağdakı separatçıların tör-töküntüsünün “ordusu”na müqaviləli hərbçi cəlb edilmir. “Lazım gəldikdə, Qarabağ müqaviləli hərbçilərin cəlb olunmasını yerində təşkil edir”, – Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib.

Gununsesi.info