Ermənistan bununla razılaşmağa məcbur olacaq -POLİTOLOQ

  • By admin
  • 24 Noyabr 2021 14:26

“Bu görüşlərdə danışıqların mahiyyətini tərəflərin mövqeyi müəyyən edir. Ermənistandan fərqli olaraq Azərbaycan öz mövqeyini bildirib. Ermənistan konkret bir addım atmaqdan qaçıb aydın fikir söyləmir”.

Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq qeyd edib ki, Soçidə baş tutacaq görüşdə Paşinyanın özbaşına hərəkət etmə imkanları məhduddur: “O, öz istəyini daha çox Rusiya və Avropa ölkələrinin tapşırıqları ilə formalaşdırır. Bu məsələdə əsas rol oynayan dövlətlərdən biri də Rusiyadır və ona görə də həmin görüşdə Paşinyan məcburən öz mövqeyini bildirəcək. Ermənistanın mövqeyini bildirəcəyi ilə bağlı gözləntilər var. Rusiya Prezidenti Vladimir Putinin Paşinyana xüsusi xəbərdarlıqları olub”.

T.Abbasov vurğulayıb ki, son zamanlar çökmüş olan qeyri-müəyyənliyə bu görüşdə son veriləcək: “Orada hansı sənədlərin imzalanacağını tam dəqiq deyə bilmərik və bütün bu razılaşmaları görüşdən sonra biləcəyik. Azərbaycan sülh müqaviləsinin bağlanmasına hazır olduğunu dəfələrlə bəyan edib. Ermənistan isə müxtəlif bəhanələrlə bu görüşün yubanması üçün əlindən gələni edirdi. Əgər iki dövlət arasında sərhədlərin demarkasiya və delimitasiya prosesləri həyata keçirilirsə, həmin ölkələr arasında təmaslar çox olur. Ancaq Ermənistan bu məsələlərin də qarşısını almağa çalışıb. Rusiya tərəfi isə bəyan etdi ki, sərhədlərin dəqiqləşdirilməsi prosesinə vasitəçilik edə bilər. Ermənilər isə bütün bu prosesləri ləngidərək məsələnin yükünü artırır. Paşinyanın belə bir sərsəm çıxışı var idi ki, Azərbaycan və Ermənistan sərhədinə sülhməramlılar yerləşdirilsin, halbuki buna ehtiyac yoxdur. Biz hər hansı bir ölkəyə qarşı ərazi iddiası irəli sürməmişik. Azərbaycan tərəfi öz mövqeyini bildirib və Ermənistan bununla razılaşmağa məcbur olacaq”.

Gununsesi.info