“Ermənistan geri çəkiləcəyi təqdirdə  döyüş dərhal dayandırılacaq” - İLHAM ƏLİYEV

  • By admin
  • 09 Noyabr 2020 12:23

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanla barışıq üçün imkan görmür.

“Onlar vaxt itirirlər. Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanın dövründə bizim barışmaq şansımız yoxdur,”– o, BBC-yə müsahibəsində deyib.

Lakin Prezident Əliyev onu da əlavə edib ki, Ermənistan işğal etdiyi ərazilərdən geri çəkiləcəyi təqdirdə onun qüvvələri döyüşü dərhal dayandıracaq.

Dağlıq Qarabağda döyüşlər sentyabrın 27-dən bəri davam edir.

Noyabrın 6-da Bakıda götürülmüş müsahibədə BBC müxbiri Orla Guerin Prezident Əliyevdən sülh naminə təklif edə biləcəyi hər hansı kompromisin olub-olmadığını soruşub.

İlham Əliyev BBC-yə deyib ki, kompromis üçün vaxt tükənməkdədir, çünki onun qoşunları ərazini güc yolu ilə qaytarır.

“Qarşı tərəf kompromisə getmək istəmədiyi halda mən kompromis təklif edə bilmərəm. Onlar hansı kompromisə getməyə hazırdır? Yeri gəlmişkən, bu gün onların kompromisə getmək imkanları daralır, çünki biz həmin əraziləri güc yolu ilə geri alırıq. Odur ki, onların vaxt ehtiyatı tükənir,”– Azərbaycan Prezidenti bildirib.

O, erməni mülki şəxslərin Dağlıq Qarabağda qala biləcəyini israr edib və etnik təmizlənmə qorxularının əsassız olduğunu söyləyib.

Bu yaxınlarda etdiyi çıxışında işlətdiyi “çıxmasalar, onları iti qovan kimi qovacağıq” kəlməsi ilə bağlı BBC-nin sualına cavabında, o, Ermənistanın siyasi və hərbi rəhbərliyini nəzərdə tutduğunu söyləyib.

Prezident Əliyev müsahibəsində Dağlıq Qarabağ üçün müəyyən özünüidarəetmə formatı məsələsinə toxunub. Ancaq Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanla barışığın mümkün olduğunu düşünmədiyini söyləyib.

O, Azərbaycanın Xankəndi şəhərindəki mülki əraziləri atəşə tutduğunu inkar edib, baxmayaraq ki, ötən ay BBC jurnalistləri bunun şahidi olublar. “Onların orada olması, – o deyib, – heç nə demək deyil. Bu, saxta xəbər ola bilər”.

Üç atəşkəs beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin etnik ermənilərin nəzarətində olan dağlıq bölgə uğrunda son döyüşləri dayandıra bilməyib.

Hər iki tərəf bir-birini mülki şəxslərin ölümünə səbəb olan hücumlarda günahlandırıb.

Gununsesi.info