Ermənistan: Hadrut rayonu istiqamətində 73 hərbçi itkin düşüb – Axtarış aparılır

  • By admin
  • 17 Dekabr 2020 12:32

Ermənistan tərəfi Hadrut rayonunun Çaylaqqala (Xtsaberd)-Hin Tağlar kəndləri istiqamətində 73 hərbçisinin itkin düşdüyünü bildirib.

Gununsesi.org xəbər verir ki, Sputnik Ermənistanın yaydığı məlumata görə, itkin düşən erməni hərbçiləri barədə mətbuatda ziddiyyətli məlumatlar yayılıb.

Məlumata görə, tanınmamış “Dağlıq Qarabağ Respublikası” Müdafiə Nazirliyi Hadrut bölgəsinin Çaylaqqala (Xtsaberd)-Hin Tağlar ərazisində itkin düşən 73 nəfərin taleyinin hələ də məlum olmadığını bəyan edib.

Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın bu məsələ ilə bağlı Dağlıq Qarabağa gəldiyi bildirilib.

Azərbaycan tərəfindən itkin düşən erməni hərbçiləri barədə şərh verilməyib.

“Hadisənin ilk saatlarından etibarən Rusiya sülhməramlılarının dəstəyi ilə hərbçilərimizin taleyini öyrənmək üçün təcili işlər görülür”, – tanınmamış “Dağlıq Qarabağ Respublikası” Müdafiə Nazirliyi bildirib.

Qurum Çaylaqqala (Xtsaberd)-Hin Tağlar ərazisində itkin düşən Ermənistan hərbçilərinin sayı barədə ziddiyyətli məlumatlar yayıldığını deyib və onların sayının 171 yox 73 olduğunu təsdiq edib.

Buna qədər sosial şəbəkələrdə və mətbuatda Çaylaqqala (Xtsaberd)-Hin Tağlar ərazisində 100-dən çox erməni döyüşçünün son bir neçə gün ərzində əsir düşməsi barədə məlumatlar yayılıb.

Daha əvvəl tanınmamış “Dağlıq Qarabağ Respublikasının”ombudsmanı Artak Beglaryan, Hadrut bölgəsində təxminən 60 hərbçinin itkin düşdüyünü təsdiqləyib.

Çoxlu Ermənistan hərbçisinin Azərbaycan tərəfinə əsir düşməsi və ya itkin olması barədə məlumatlar Ermənistanda və Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində etirazlara səbəb olub.

Ötən gün Dağlıq Qarabağda bəzi ermənilər Şirak bölgəsində etiraz əlaməti olaraq ərazidəki yolları bağlayıb. Ermənistanda isə paytaxt Yerevanda itkin düşmüş hərbçilərin qohumları Ermənistan Müdafiə Nazirliyi qarşısında etiraz aksiyasını keçirib. Etirazçılar nazirliyin qapısını sındırıb binaya daxil olublar.

Hadrut rayonunun Çaylaqqala (Xtsaberd)-Hin Tağlar kəndləri istiqamətində 11 və 12 dekabrda döyüşlər olub. Dekabrın 13-də Rusiya sülhməramlılarının müdaxiləsi ilə döyüşlər dayanıb.

Sputnik Ermənitanın məlumatına görə, hazırda kəndlər Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Rusiya Müdafiə Nazirliyinin son yenilədiyi xəritəyə görə, Hadrut rayonunun Çaylaqqala (Xtsaberd)-Hin Tağlar kəndləri Azərbaycanın nəzarət etdiyi bölgə kimi təqdim olunub.

Gununsesi.org