Ermənistan özünü Rusiya tərəfindən tərk edilmiş kimi hiss edir - Metyu Brayza Baydenin Cənubi Qafqaz siyasətinin necə oalacağından danışır

  • By admin
  • 30 Yanvar 2021 19:33

 

ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatların yeni administrasiyasının xarici siyasət prioritetləri, ABŞ-ın Rusiya ilə münasibətlərinin region ölkələrinə mümkün təsirləri və Amerika-Azərbaycan münasibətlərindən gözləntiləri şərh edib.

Amerikanın Səsi: Vaşinqtonda yeni administrasiyanın gəlişi ilə bir çoxları qlobal super gücün hansı kurs götürdüyünü bilmək istəyir və xarici siyasətdə dəyişiklik gözləyir. Bəzi təhlilçilər Bayden administrasiyası dövründə ABŞ-ın Cənubi Qafqaz regionu ilə bağlı siyasətində az dəyişikliyin olacağını düşünür. Siz necə hesab edirsiniz?

Metyu Brayza: Demək istəyirəm ki, adətən ən adi cavab budur – az dəyişiklik. Fikrimcə, daha qəbul edilmiş cavab budur ki, danışmaq hələ tezdir. Amma mən bəzi dəyişikliklərin olacağını düşünürəm. Dəyişikliklər olacaq. Mən hesab edirəm ki, bu dəyişikliklərdən bəziləri neqativ yanaşmadan daha pozitiv yanaşmaya və ya ümumiyyətlə yanaşmaya necə keçməkdən ibarət olacaq, çünki fikrimcə, Trump administrasiyası dövründə Cənubi Qafqaz regionuna prezident səviyyəsində bir yanaşma həqiqətən də yox idi. Trumpın hərtərəfli strategiyası yox idi. Bəli, Çin və Rusiyanın ABŞ-ın strateji rəqibləri kimi müəyyən edildiyi milli təhlükəsizlik strategiyası var. Bu doğrudur. Ancaq Cənubi Qafqaza gəldikdə düşünürəm ki, Ermənistan və Azərbaycan arasında beynəlxalq sərhədlərdə yayda qarşıdurmalardan sonra ABŞ-ın aktiv diplomatik fəaliyyət göstərməməsi mənim dediklərimi əks etdirir ki, təkcə Tramp administrasiyası deyil, hətta Obama administrasiyası dövründə də Birləşmiş Ştatların Cənubi Qafqazla bağlı yüksək səviyyədə iştirakı müşahidə olunmayıb.

Görəcəyimiz bir dəyişiklik mənə elə gəlir ki, odur ki, indi xarici siyasətdə pandemiya ilə mübarizə dünyanın bütün bölgələrində əsas problemdir. Buna görə də Tramp administrasiyasının pandemiya ilə mübarizəyə dair ölkə üzrə bir planının olmadığı, qlobal bir planının olmadığı halda və qlobal pandemiyaya qarşı mübarizəni koordinasiya etmək üçün Ağ Evdə ofisi bağladığı halda, Prezident Bayden artıq bu ofisi prezidentliyinin ilk günündə yenidən bərpa etdi.

Lakin siz Cənubi Qafqazda bizim üçün yaxın problemlər barədə konkret sual verirsiniz. Mənim fikrimə görə, Azərbaycan, Dağlıq Qarabağ və Ermənistana gəldikdə, düşünürəm ki, başlanğıcda hər şey əvvəlki kimi qalacaq. Bu da mənim fikrimcə, o qədər yaxşı deyil. Dövlət katibi Pompeo, sonra o zaman prezidentliyə namizəd Bayden və sonra da dövlət katibi vəzifəsinə nominasiya olunmuş Toni Blinkenin məndə Türkiyə və Cənubi Qafqaz, Türkiyə və Azərbaycan arasında münasibətlərlə əlaqədar baş verənləri tam başa düşmədiklərini əks etdirən kimi təəssürat yaradan bəzi şeylər söylədiklərini düşünürəm. Belə görünür, Türkiyənin öz hüquqlarını gördüyü şəkildə həyata keçirib və ya təmin etdiyi halda, Türkiyənin NATO çərçivəsində daha aktiv müttəfiq deyil, daha aqressiv davranması ilə bağlı hələ də qərəz var və Türkiyənin Dağlıq Qarabağda Azərbaycana dəstəyi Vaşinqton tərəfindən Türkiyənin aqressivliyinin bir əlaməti kimi qiymətləndirilir. Bu mənada aqressiya Azərbaycana da aid edilir. Eləcə də, prezident seçki kampaniyasından yenicə keçmişik və əlbəttə ki, erməni diasporasının səsi çox aydın eşidilir və Vaşinqtonda yüksək rezonans yaradır. Prezident Baydenin “siyasi qəlbində” belə görünür, Ermənistan və Yunanıstan həmişə zəif yerlər olub və düşünürəm ki, bu, bir çox cəhətdən ABŞ-ın daxili siyasətini əks etdirir. Lakin həftələr və aylar keçdikcə, Prezident Baydenin dünyaya baxışı sistematik və strateji düşüncəyə əsaslandığı zaman dəyişikliyin olacağını düşünürəm. Onun NATO və transatlantik əməkdaşlığı ABŞ-ın xarici siyasətinin mərkəzi elementi kimi tanıması pandemiya ilə mübarizə davam etdikcə və o daha əvvəl gördüyümüz, xüsusilə də 2014-cü ildə Ukraynanı işğal edəndə Rusiya-Ukrayna münaqişəsində Rusiya ilə münasibətlərdə gördüyümüz ənənəvi Co Bayden kimi çıxış edəndə güclənə bilər. O zaman ABŞ-ın yenidən Cənubi Qafqazda bəlkə də daha aktiv rol oynaya biləcəyini görə bilərik. Corc W. Buşun oynadığı qədər deyil. O və biz o zaman Gürcüstanın NATO-ya üzvlük yolunu tutmasına kömək etmək üçün Gürcüstanda daxili islahatların inkişaf etdirilməsinə və Dağlıq Qarabağda danışıqlar prosesində irəliləyişə nail olmaq məqsədilə əlimizdən gələni etmək üçün aktiv şəkildə çalışırdıq. Düşünmürəm ki, o bu qədər aktiv olacaq, amma ümid etmək istərdim ki, yanılıram. Ümid edirəm ki, Cənubi Qafqazın ABŞ üçün nə qədər mühüm olduğuna dair bu strateji hesablama yenidən Prezident Baydenin diqqət mərkəzində olacaq.

Amerikanın Səsi: ABŞ-Azərbaycan münasibətlərinin hansı aspektlərinin dəyişməz qalacağını düşünürsünüz?

Metyu Brayza: İstər Bakı-Tbilisi-Qars marşrutu ilə neft və təbii qaz üçün tranzit, dəmir yolu vaqonları, avtomobil nəqliyyatı, istərsə də avtomobil və dəniz nəqliyyatı olsun, ya da ABŞ və Əfqanıstan üçün olduqca mühüm hava dəhlizi və yaxud da indi məlumat daşıyan fiber optik kabellər olsun, Azərbaycanın Şərq-Qərb tranzitinə görə strateji əhəmiyyəti davamlı olaraq tanınacaq. Yəni bu, daim əhəmiyyəti olan strateji amillərdən biri kimi qalacaq.

Fikrimcə, administrasiya irəli getdikcə və İranla gərginliyin necə aradan qaldırılması və münasibətlərin necə yaxşılaşdırılması məsələlərini həll etməyə çalışdıqca faktorlardan biri iranlıların böyük hissəsinin İran vətəndaşı və bəzən İranın qürurlu vətəndaşları olmalarına baxmayaraq, etnik azərbaycanlı olması faktı olacaq. İkinci Dağlıq Qarabağ müharibəsi zamanı İranın şimalında vətəndaşlar arasında etnik azərbaycanlı duyğuların nə qədər güclü olduğunun şahidi olduq.

Mən, həmçinin düşünürəm ki, administrasiya Suriyada vəziyyəti sabitləşdirmək, DAEŞ və ya İslam Dövlətinin birdəfəlik məğlub olmasına əmin olmaq üçün və eləcə də şiə İranın terrorizmə, Hizbullah və hərbi dəstələrə dəstəyinə qarşı mübarizədə irəli getdikcə Azərbaycanın nə qədər xüsusi bir ölkə olduğunu özü üçün bir daha aşkar edəcək. Bu, əhalisinin əksəriyyəti şiə olan, dini müxtəlifliyə və fərqli dinlərə hörmətlə yanaşan ölkədir, belə ki, hamımız ölkədə tarixi, çiçəklənən yəhudi və xristian icmalarının, pravoslav, protestant icmalarının olduğunu bilirik. Mən Azərbaycanda yaşadığım zaman Roma Katolik icmasının üzvü idim. Buna görə hesab edirəm ki, bu, Azərbaycan üçün qeyri-adi və demək olar ki, fövəladə bir faktordur, çünki müsbət, dözümlü, firavan və ümidverici bir ölkə olaraq İrana alternativ kimi təqdim edilməsi yenidən strateji əhəmiyyətli kimi tanınacaq. Söhbət Bayden administrasiyası tərəfindən Azərbaycandan İranda dəyişikliyə təsir göstərmək üçün nə vaxtsa bir vasitə kimi istifadə edilməsindən getmir, mən demək istəyirəm ki, fikrimcə, Bayden administrasiyası Buş administrasiyası dövründə etdiyimiz kimi Azərbaycanın özəl və bu baxımdan dəyərli olduğunu yenidən kəşf edəcək.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, düşündüyüm bir məsələ davam edəcək və bunun ABŞ-Azərbaycan münasibətlərində problem olacağını düşünürəm. Mənə elə gəlir ki, Bayden administrasiyası Minsk Qrupunun Dağlıq Qarabağın hələ də ermənilərin nəzarətində olan hissələrində hüquqi statusun dəyişdirilməsi ilə bağlı danışıqların davam etdirilməsi kimi ənənəvi istəyini davam etdirmək istəyəcək. Çünki bu, 2007-ci ilin noyabrında ilk dəfə təklif olunan Madrid prinsiplərinin bir hissəsi idi. Beləliklə, 10 noyabr razılaşması Madrid prinsiplərinə çox yaxındır, lakin Dağlıq Qarabağın birmənalı şəkildə Azərbaycanın tərkib hissəsi olmaya bilməsi ilə bağlı mümkün hüquqi statusu barədə bir əsas məqamı özündə ehtiva etmir. Razılaşma noyabrın 10-da qüvvəyə mindiyi gündən dərhal sonra Fransa Xarici İşlər naziri ictimaiyyət qarşısına çıxaraq bildirdi ki, Minsk Qrupu yenidən işə qayıtmalıdır və Dağlıq Qarabağın məqbul, yekun hüquqi statusu ilə bağlı yenidən danışıqlara başlamalıdır. Vaşinqtondan da eyni şeylərin deyildiyi bəzi açıqlamalar verildi. Lakin Azərbaycan hökuməti və ya hətta Rusiya hökuməti üçün bu məsələ həll edilib. Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilib, ona görə ki, Ermənistan müharibədə məğlub olub. Ermənistanın müharibə boyu şansı olub. Hətta oktyabrın 20-də Prezident Putin müharibəni Azərbaycanın Şuşanı alması ilə bu mərhələdə dayandırmaq və baza prinsiplərinə əsaslanan sülh nizamlanmasının əldə edilməsi üçün – bu da Dağlıq Qarabağın hüquqi statusunun danışıqlar yolu ilə dəyişdirilməsinin mümkünlüyü demək idi – əvvəlcə Prezident Əliyevlə, sonra isə Baş nazir Paşinyanla ayrı-ayrılıqda danışıqlar apardı və Paşinyan hətta o zaman “yox” dedi. Beləliklə, Azərbaycan və ya Rusiya üçün bu məsələ müzakirə olunmur. Amma düşünürəm ki, Birləşmiş Ştatlar Fransa ilə birlikdə məsələni yenidən qaldırmağa çalışa bilər və bu, çətin olacaq.

Amerikanın Səsi: Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar Rusiyanın vasitəçiliyi ilə ABŞ-ın da Rusiya və Fransa ilə birlikdə həmsədrlərdən biri olduğu Minsk Qrupunun iştirakı olmadan atəşkəs razılaşmasının imzalanması ilə sona çatdı. Minsk Qrupunun sülh prosesinin növbəti mərhələsində hansısa rolu olacaqmı və bu nədən ibarət ola bilər?

Metyu Brayza: Bunu hələ müəyyənləşdirmək lazımdır. Vaşinqton və Parisdə onun əsas funksiyasının Dağlıq Qarabağın yekun hüquqi statusu ilə bağlı danışıqların aparılmasına və sonra bildiyiniz kimi atəşkəs razılaşmasının gücləndirilməsi, sülhməramlı tədbirlərin inkişaf etdirilməsi, atəşkəsin monitorinq edilməsi və əvvəllər bu və ya digər tərəfin istəyilə haqqında danışılan bütün şeylərə kömək etməkdən ibarət olduğunu düşünürlər. Bu ikincinin faydalı, birincinin isə mübahisəli olacağını düşünürəm. Fikrimcə, zaman keçdikcə Minsk Qrupu sülhməramlı qüvvələrin çoxtərəfli qüvvələrə çevrilməsinə dair müzakirələrin aparılması və razılığın əldə edilməsində vasitəçi kimi başqa bir rol da oynaya bilər. Bütövlükdə Rusiya sülhməramlılarının Gürcüstanda və Moldovada mövcud olması problemli idi. Mənim diplomatik təcrübəmə əsasən, Rusiya sülhməramlıları əslində stabilliyi bəzən olduqca ciddi şəkildə pozurdu və mən hesab edirəm ki, onlar 2008-ci ilin avqust ayında Gürcüstanla müharibəyə təhrik etmişdilər. Eyni zamanda, bu vəziyyətdə noyabrın 10-da döyüşən tərəfləri dərhal ayırmağa hazır olan sülhməramlı qüvvələrin olması həqiqətən vacib idi. Rusiya orada idi. Düzdür, Rusiya uzun müddətdir ki, sülhməramlı qüvvələrini Azərbaycan ərazisində yerləşdirmək istəyirdi. Amma bu funksiya yerinə yetirilməli idi. Rusiya sülhməramlıları həqiqətən də atəşkəs rejimini lazımi şəkildə möhkəmləndirərək, bu günə qədər olduqca yaxşı iş görürlər.

Lakin zaman keçdikcə burada risk də var. Əgər ilk beş illik müddətin başa çatmasına az vaxt qaldıqda ruslar çoxlarının gözlədiyi kimi sülhməramlılar üçün ikinci beş illik müddət istəsə və bu, yalnız Rusiya və bəlkə də monitorinq mərkəzində hələ tam olaraq müəyyən olunmamış bir rol oynayan Türkiyə əsgərləri ilə birlikdə sülhməramlı qüvvələrdən ibarət olsa, o zaman Dağlıq Qarabağın hələ də Azərbaycanın nəzarəti altında olmayan hissəsinin Cənubi Osetiya kimi bir növ de-fakto Rusiyanın protektoratına çevrilə biləcəyi kimi siyasi bir risk var. Bu, bəlkə də Rusiya istisna olmaqla, heç kimin marağında deyil, hətta Rusiyanın özünün də, çünki bu, çox aşkar bir vəziyyətdir. Buna görə xüsusilə də Ağ Evin açıqlamasının nə qədər ciddi olduğunu nəzərə alsaq – Prezident Bayden dünən bir sıra məsələlərdə Prezident Putinlə qarşı-qarşıya gəlib – ümid edirəm ki, Bayden administrasiyası Rusiya ilə sülhməramlılar məsələsində konfrontasiyaya getməsə də, çoxtərəfli sülhməramlı qüvvələr məsələsini ABŞ-Rusiya gündəminin əhəmiyyətli bir mövzusuna çevirəcək. Lakin bunun baş verib-verməyəcəyi hələ bilinmir.

Amerikanın Səsi: Rusiya və İranın xarici siyasət gündəmində diqqət mərkəzində olacağı gözlənilir. Rusiyanın diqqət mərkəzində olduğu nəzərə alınsa, ABŞ və Rusiya arasında münasibətlərin region ölkələrinə hansı təsirləri ola bilər?

Metyu Brayza: Mən həqiqətən də düşünürəm ki, əgər Prezident Bayden Rusiya ilə münasibətlərdə qəti mövqedə qalsa, ABŞ-ın nə gözlədiyini açıq bildirsə, Prezident Trampın etdiyi şeyləri etməyəcəksə, yəni, suları bulandıraraq, ABŞ bürokratiyasının bir şey dediyi və Rusiyaya qarşı sanksiyalar tələb etdiyi, amma Prezident Trampın başqa bir şey etdiyi və Prezident Vladimir Putinlə dost olmağa çalışdığı kimi bir görüntü yaratmasa, ABŞ-Rusiya əlaqələri yaxşılaşacaq. Belə ziddiyyətli mesajlar istər-istəməz Rusiya liderində ABŞ prezidentinin onun tərəfində olduğu və buna görə də onun sazişlərə və ya sivil diplomatik davranış normalarına riayət etməsinə ehtiyacı olmadığı kimi bir təəssürat yaradır. Ona görə mən əslində düşünürəm ki, Bayden administrasiyası Rusiya ilə daha çox proqnozlaşdırıla bilən, əməkdaşlıq deməzdim, amma daha az qarşıdurma olan əlaqələr quracaq, çünki Prezident Putinin istifadə etmək üçün bu cür cazibədar imkanları olmayacaq.

Mən bir məqamı da qeyd etmək istərdim. Hesab edirəm ki, Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərin və Dağlıq Qarabağın bərpası, Azərbaycanın Ermənistanla birlikdə işləmək və Ermənistanın iqtisadi cəhətdən inkişafına kömək etmək, bütün tranzit yolları açmaq, Ermənistanın yaxın gələcəkdə infrastruktur layihələrinə inteqrasiyasına kömək etmək istəyinə açıq yanaşması həqiqətən ABŞ və Rusiyanın əməkdaşlıq edə biləcəyi bir məsələ ola bilər. Bu, onların ABŞ-Rusiya münasibətlərinin yaxşılaşdırılması üçün mərkəzi təşəbbüslərindən biri ola bilər, çünki Rusiya aydındır ki, Ermənistanla münasibətlərini bərpa etmək istəyir. Ermənistan özünü Rusiya tərəfindən tərk edilmiş kimi hiss edir. Rusiya açıq-aydın Azərbaycanda daha güclü təsirə malik olmaq istəyir və hesab edirəm ki, Rusiya Ermənistanın bölgəyə inteqrasiyasına kömək etmək üçün əhəmiyyətli investisiyaları çox böyük məmmuniyyətlə qarşılaya bilər. Buna görə də Azərbaycan mərkəzdə olmaqla vəziyyəti müsbət tərəfə doğru dəyişmək imkanı var.

 

Gununsesi.info