Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyası ilə müxalifət arasında “300 min azərbaycanlının qayıdışı” mövzusu ətrafında mübahisə yaşanıb.
Gununsesi.info xəbər verir ki, hakim fraksiyanın deputatı Eduard Ağacanyan müxalif deputat Aram Vardevanyandan seçkiqabağı kampaniya dövründə iş adamı Samvel Karapetyanın rəhbərliyi ilə keçirilən görüşlərdə iştirakını xatırladaraq ona suallar ünvanlayıb.
Hakim partiya nümayəndəsi soruşub ki, “300 min azərbaycanlının qayıdışı” mövzusu həmin müzakirələr zamanı formalaşıbmı və Vardevanyan bu məsələ ilə bağlı hazırlanmış videomaterialların məzmununda iştirak edibmi.
Aram Vardevanyan ittihamları rədd edərək bildirib ki, həmin videoların hazırlanması ilə heç bir əlaqəsi olmayıb.
O, əlavə edib ki, “300 min azərbaycanlının qayıdışı” məsələsini parlamentdə ilk dəfə məhz hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları gündəmə gətiriblər.
“Maraqlıdır ki, bu mövzu barədə əvvəlcə siz danışırsınız, sonra isə deyirsiniz ki, bu barədə danışmaq olmaz”, – deyə Vardevanyan bildirib.
Müxalif deputat hakimiyyəti siyasi manipulyasiyada ittiham edərək qeyd edib ki, bəzi deputatlar əvvəlcədən hazırlanmış çıxış mətnlərini “məcbur qaldıqları üçün danışdıqlarını” iddia edərək səsləndirirlər.
Vardevanyan çıxışının sonunda parlament rəhbərliyinin seçilməsi proseduruna da toxunaraq vurğulayıb ki, parlamentin vitse-spikerliyinə irəli sürülən namizədlərin seçilməsi məcburi deyil və onların seçilməməsi parlamentdə hüquqi böhran yaratmır.












