Ermənistan PKK-nı silahlandırır: nüvə tullantıları terrorçulara verilə bilər – GİZLİ DANIŞIQLAR

  • By admin
  • 06 May 2021 17:31

Türkiyənin PKK-ya qarşı genişmiqyaslı əməliyyatları qarşısında duruş gətirə bilməyən terrorçuların silah əldə etmək üçün müxtəlif mənbələrlə danışıqlar apardığına dair məlumatlar var. Bu mənbələrdən biri Liviyada general Haftar qruplaşması, digəri isə Ermənistandır. Ermənistanla artıq gizli danışıqlar başlayıb.

Gununsəsi.info Türkiyə mediasının məlumatlarına istinadən xəbər verir ki, PKK pilotsuz təyyarələr, helikopterlər və döyüş təyyarələrinə qarşı hava hücumundan müdafiə sistemlərini əldə etmək istəyirlər. Bunun üçün ilk müraciət etdikləri yer Ermənistan olub. Ermənistandan 9K33 OSA zenit-raket sistemi istəyən PKK terrorçuları ilə İrəvan arasında görüşlər keçirilib.
Bu təmaslarda İran kəşfiyyatı, xüsusilə İrana bağlı Haşdi Şabi qruplaşmasının nümayəndələri xüsusi rol oynayır.

Görüşlərdə PKK tərəfdən Türkiyənin Tunceli vilayətində doğulan, erməni əsilli Bese Hozat və Nuriye Kesbir, Ermənistan tərəfdən isə Xocalı qatili, Xankəndidəki separatçıların “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan, separatçıların keçmiş “müdafiə naziri”, hazırda Ermənistan Müdafiə Nazirliyində Hərbi Nəzarət Xidmətinin rəisi Cəlal Arutyunyan və I Qarabağ müharibəsinin canilərindən olan, bir müddət separatçıların “müdafiə naziri” və “təhlükəsizlik şurasının katibi” olmuş Samvel Babayan iştirak edib.

PKK Ermənistandan alacağı 5 ədəd OSA sistemini Qəndil də daxil olmaqla 5 mövqedə quraşdırmağı planlaşdırır. Zenit raketlərin, o cümlədən, digər silah-sursat Ermənistandan PKK-ya aparılmasını Haşdi Şabi qruplaşması həyata keçirəcək.

PKK-Ermənistan danışıqları və yayılan məlumat Qarabağdakı separatçıların terrorçu mahiyyətini, eləcə də Ermənistanın silah qaçaqmalçılığını yenidən gündəmə gətirir.

Masada oturan hər üç şəxs separatçı rejimə rəhbərlik edib, Vitali Balasanyan hazırda da bu işi davam etdirir.

Hər üç terrorçu – V.Balasanyan, C.Arutyunya və S.Babayan I Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımı aktlarının iştirakçısı olub.

Xocalı soyqırımını törədən 366-cı alayın tərkibində iştirak edən Vitali Balasanyan 1988-ci ildə keçmiş Əsgəran rayonunda daşnakların silahlı dəstələrinə rəhbərlik edirdi. İşğal dövründə separatçı rejimdə müxtəlif “vəzifələr”də təmsil olunub. 44 günlük müharibədən sonra Xankəndidə hələ də qalan separatçı-terrorçu rejimin silahlı dəstələrinə rəhbərlik edir.

I Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımı aktlarında iştirak edən Samvel Babayan da terror fəaliyyəti ilə tanınıb.

Separatçı rejimin “müdafiə naziri” kimi 44 günlük müharibədə iştirak etmiş Cəlal Arutyunyan ağır yaralandıqdan sonra Ermənistana aparıldı, daha sonra Ermənistan Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olundu.

İndi bu terrorçular mahiyyətlərinə uyğun PKK terrorçuları ilə danışıqlar aparır və silah qaçaqmalçılığını həyata keçirir.

PKK ilə aparılan danışıqlar Ermənistanın silah qaçaqmalçılığına dair növbəti faktdır. Bu ölkə 90-cı illərin əvvəllərindən başlayaraq, silah və nüvə qaçaqmalçılığının həyata keçirildiyi əsas mərkəz rolunu oynayır.

Ötən ilin martında Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan baş nazir Nikol Paşinyanı silah qaçaqmalçılığında ittiham etmiş və bununla bağlı mexanizmi açıqlamışdı. Belə ki, Rusiyadan daxili bazar qiymətinə alınan silahların 40 faizi Ermənistana gətirilmədən üçüncü ölkələrə gizli yolla daşınır. Rusiyadan silahların alınması və 40 faizə qədərinin qaçaqmalçılıq yolu ilə daşınmasını “Patron David” kimi tanınan David Qalstyan həyata keçirirdi. Müharibədən sonra ona cinayət işi açdılar.

Əsas bazar Yaxın Şərqdə terrorçu qruplaşmalar və Afrikada vətəndaş müharibəsi aparan ölkələrdir.

Ermənistandan Afrika ölkələrinə daşınan silahlar bu ölkənin aviaşirkətləri vasitəsilə daşınır. 2021-ci ilin 30 noyabr tarixində “Ridge Airvays” aviaşirkətinə məxsus Lil-76 təyyarəsi Konqonun paytaxtı Brazzivalidə Maya-Maya hava limanından 500 metr uzaqlıqdakı yaşayış məntəqəsi ərazisində qəzaya düşməsi nəticəsində göyərtədəki 5 nəfər Ermənistan vətəndaşları öldü: uçuş mühəndisi Andranik Qevorqyan, kapitan Varazdat Balasanyan, Xankəndi hava limanının keçmiş rəhbəri Ara Tovmasyan, Tadevos Hovhannisyan və Edqar Avetyan.

Həmin vaxt Ermənistan mediasının araşdırması nəticəsində məlum oldu ki, “Ridge Airvays” şirkətini qeyri-rəsmi olaraq idarə edən Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Stepan Qalstyanın arvadı Natalia Qalstyandır. Xanım Qalstyan sənədlərdə aviaşirkətin baş meneceri olaraq göstərilir, şirkətin sahibi isə Sergey Koçarov adlı naməlum şəxsdir. Qalstyanın əri general-leytenant Stepan Qalstyan Ermənistan hava qüvvələrinin zabiti olub, keçmiş hakimiyyətin dövründə silahlı qüvvələrin baş qərargah rəisinin müavini təyin olunub. Diqqətçəkən məqam odur ki, S.Qalstyan 2018-ci ilin 18 iyununda (Nikol Paşinyanın hakimiyyətində) prezident Armen Sarkisyanın sərəncamı ilə baş qərargah rəisinin müavini təyin olunub, yəni tutduğu vəzifəyə yenidən təyin edilib. Bu detal silah qaçaqmalçılığını Ermənistanda keçmiş və yeni hakimiyyətin də həyata keçirdiyini təsdiqləyir.

2011-ci ilin 20 aprelində yaradılan “Ridge Airvays” aviaşirkəti 2012-ci ildə – qəzadan sonra fəaliyyətini dayandırıb. Afrikada işləyən erməni pilotlar isə bu qəzadan sonra Ermənistan mediasına bildirmişdilər ki, Stepan Qalstyana məxsus “Ala International LTD” şirkətinin adı altında daha 4 təyyarə “Qara Qitə”də uçur. “Hetq” nəşrini araşdırmasında Konqo ofşor zonasında qeydiyyatdan keçən “South Airlines CO” aviaşirkətinin rəhbəri Vaqram Simonyana məxsus təyyarələrin də Afrikada silah qaçaqmalçılığı ilə məşğul olduğu bildirilirdi.

Nəşrin jurnalisti Vaqe Saruxanyan yazırdı ki, Somalidə, Cənubi Sudanda və Konqoda işləyən beynəlxalq təşkilatların əməkdaşları ona Vaqram Simonyanın təyyarələrinin Konqo ordusu üçün yük daşıdığını bildiriblər.

“BMT ekspertləri Vaqramdan daşınan yük haqqında soruşanda o, bunun humanitar yük olduğunu deyib, lakin dəqiqləşdirilib ki, daşınan mallar silah və digər hərbi mallardır”, – jurnalist qeyd edirdi.

Ermənistana məxsus təyyarələr Cənubi Sudanda vətəndaş müharibəsi zamanı da bu ölkədəki qruplaşmalara silah daşıyıb. Həmçinin, uzun müddət Afrikanın münaqişə ocaqlarına silah daşınmasını həyata keçirib və bu fəaliyyətin hələ də davam etməsinə dair məlumatlar var.

Vaqram Simonyana məxsus silah daşıyan aviaşirkətlər arasında “V-Berd Avia”, “South Airlines” və “Reliable Unique Services Aviation” adlı şirkətlər də var. Qara Qitədə silah-sursat daşınmasını həyata keçirən erməni şirkətlər arasında “Ayk Avia” və “Air Armenia” şirkətlərinin də adı hallanır. Avropa Aviasiya Təhlükəsizliyi Təşkilatının sənədində göstərilir ki, Ermənistanda qeydiyyatdan keçən 28 təyyarənin 11 Afrika ölkələrində, xüsusilə Cənubi Sudanda və Çadda fəaliyyət göstərir və bu təyyarələr yükdaşıma işini həyata keçirir. Təşkilat 2019-cu ilin payızında bu haqda Ermənistan Aviasiya Komitəsinə xəbərdarlıq göndərsə də, məsələyə ciddi yanaşılmayıb.

Xaricdə fəaliyyət göstərən Ermənistana məxsus aviaşirkətlər:

Armavia Air Company LLC
Atlantis European Airways LLC
Ark Airways LLC
Air Armenia CJSC
Ayk Avia Air Company CJSC
Reliable Unique Services Aviation LLC.
South Airlines LLC
Skiva Air LLC
Sky Net Airline LLC,
Veteran Avia LLC
Taron-Avia LLC

Bu aviaşirkətlərin əsasən Yaxın Şərq və Afrikada daşıma işini həyata keçirdiyi bildirilir. Marqlıdır ki, 2012-ci ildən – Konqodakı qəzadan sonra xaricdə fəaliyyət göstərən erməni aviaşirkətlər təyyarələrin qeydiyyat nömrələrini dəyişdirməyə başlayıb. Buna səbəb təyyarələrin qanunsuz daşımalarına görə müxtəlif ölkələr tərəfindən “qara siyahıya” salınmasıdır, erməni mafiyası da çıxış yolu kimi qeydiyyat nömrələrini dəyişdirməkdə görüb.

2012-ci ildən etibarən Ermənistana məxsus qeydiyyat nömrələri dəyişdirilən bəzi təyyarələr:

Təyyarənin ilk nömrəsi / Məxsus olduğu keçmiş şirkət / Hazırkı nömrəsi / Hazırda sahib olduğu şirkət:

EK-76425 / Reliable Unique Services Aviation / YI-AQX / Al-Naser Airlines (İraq);
EK-76485 / Reliable Unique Services Aviation / EY-701 / Khatlon Air (Tacikistan);
EK-76111 / Reliable Unique Services Aviation / ER-IAW / Aerotrans Cargo (Moldova);
EK-76808 / Reliable Unique Services Aviation / EY-608 / Par Air (Tacikistan);
EK-76464 / Phoenix Avia / EY-609 / Par Air (Tacikistan);
EK-76787 / Phoenix Avia / RA-76416 / Kosmos Airlines (Rusiya);
EK-76643 / Taron-Avia / EY-703 / Khatlon Air (Tacikistan);
EK-76603 / Ark Airways / ER-IBZ / Aerotrans Cargo (Moldova);
EK-76812 / Veteran Avia / ER-IAL / ER-IAL Jet Star (Moldova);
EK-76401 / Veteran Avia / ER-IAL / ER-IAK Jet Star (Moldova);

Bunların Ermənistanın beynəlxalq silah qaçaqmalçılığında istifadə etdiyi əsas təyyarələrdən bir neçəsi olduğu deyilir.

Digər bazar Yaxın Şərqdəki terror qruplaşmalarıdır. PKK ilə danışıqların aparılması bunu təsdiqləyir. PKK terror təşkilatına verilən silahların daşınmasında üçüncü qüvvələr – Haşdi Şabi və s. və üçüncü ölkələrin kəşfiyyatı da iştirak edir.

Ən təhlükəlisi isə Ermənistanın nüvə qaçaqmalçılığıdır. “Metsamor” Atom Elektrik Stansiyasında radioaktiv maddə və uran qaçaqmalçılığı, eləcə də “çirkli bomba” hazırlanması faktı bunu sübut edir.

Ötən ay – aprelin 16-da Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti Kutaisi şəhərində 300 min avro dəyərində radioaktiv maddə satmaq istəyən iki nəfəri saxlayıb. Ələ keçirilən “Ameritsin-241” (Am241) radioaktiv maddəsi insan orqanizmi üçün təhlükəlidir. Bir müddət öncə Kabuletidə 2,8 milyon dollar dəyərində radioaktiv maddə saxlayan iki Gürcüstan vətəndaşı, həmçinin, radioaktiv maddə daşıyan Ermənistan vətəndaşı Militos M. saxlanılmışdı.

2016-cı ilin aprelində isə Tbilisidə uran-238 maddəsi ilə altı şəxs saxlanılmışdı. Ardınca uran satmağa çalışan 5 nəfər həbs olundu. Saxlanılan şəxslər “Metsamor” AES-in keçmiş işçiləri və Ermənistan parlamentinin keçmiş deputatı “Şmays” ləqəbi ilə tanınan Arakel Movsisyanın yaxın qohumları idi. 2016-cı ildə “aprel müharibəsi”ndən sonra Ermənistanın sabiq baş naziri Qrant Baqratyan, həmçinin, “Komandos” ləqəbli general Arkadi Ter-Tadevosyan “çirkli bomba” adlandırılan atom bombasına malik olduqlarını iddia edərək, Azərbaycanı vurmaqla hədələyirdi. Ermənistan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun tədqiqatçısı Qriqori Ayvazyanın bu günlərdə səsləndirdiyi etiraflar da bu kontekstdə diqqət çəkir: “Ermənistan Cənubi Qafqazda təkcə nüvə dövləti yox, həm də “çirkli bomba” yarada biləcək dövlət ola bilər”.

“Begin-Sadat Mərkəzi”nin və Bar İlan Universitetinin baş elmi işçisi Aleksandr Murison “Washington Times” nəşrində dərc olunan məqaləsində yazırdı ki, “çirkli bombalar” terrorizmlə mübarizədə bütün dünya üzrə birinci dərəcəli təhlükəli əhəmiyyətə malikdir: “Ermənistanın da bu bombaları xüsusən Azərbaycanın işğal etdiyi ərazilərində hazırlaması barədə məlumatlar var. Hazırda çox güman ki, həmin ərazilərdə Ermənistan qaçaqmalçılıqla məşğul olur”.

Faktlar Ermənistanın “Metsamor” AES-dən radioaktiv maddələri Gürcüstan və İrana apardığını təsdiqləyir. Bu faktlar fonunda PKK-nın Ermənistandan zenit raketlərin alınması üçün apardığı danışıqlar haqda məlumat uran, kimyəvi maddələr və “çirkli bomba”nın terrorçuların də əlinə düşə biləcəyi riskini yaradır. İstisna deyil ki, terrorçulara OSA sistemləri verən Ermənistan nüvə tullantıları da verə bilər.

Gununsəsi.info