Ermənistan üzərindən uçuşlardan kim qazanacaq? – AÇIQLAMA

  • By admin
  • 06 Oktyabr 2021 17:38

Xəbər verdiyimiz kimi, bu gündən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.

Ekspertlərin fikrincə, bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab verir. Bakı-Naxçıvan reysinin marşrutunun dəyişməsi həmçinin bu istiqamət üzrə uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq.

Onu da qeyd edək ki, Azərbaycan AZAL-ın Ermənistan üzərindən uçuşlara başlaması birtərəfli addım deyil. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydalarına əsasən, regionun hava məkanı və bütün hava dəhlizləri artıq uçuşlar üçün açıqdır. Müharibə bitdiyinə görə regional aviasiya təhlükəsizliyi qaydaları da dəyişib. Azərbaycan beynəlxalq konvensiyalara uyğun olaraq Zəngəzur dəhlizinin üzərindəki hava məkanından istifadə edərək uçuşlar yerinə yetirir.

Qeyd edək ki, həm Azərbaycanın, həm də Ermənistanın bununla bağlı öhdəliyi var. Eyni şəkildə Ermənistan mülki təyyarələri də Azərbaycan hava məkanından kəçən dəhlizlərdən istifadə edə bilərlər. Bu, eyni zamanda, regionda kommunikasiyaların açılmasının növbəti nümunəsidir. Nəticədə Ermənistan da tranzit ölkəyə çevrilir və İranın hava məkanından istifadəyə ehtiyac qalmır.

Politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında söyləyib ki, Azərbaycan təyyarələri həmişə Ermənistanın üzərindən uçuşlar həyata keçirib:

“Eyni zamanda Ermənistan təyyarələri də Azərbaycan üzərindən uçub. Bu cür qarşılıqlı hava dəhlizinin yaradılması hər iki dövlət üçün səmərəli olub. Artıq müharibə bitib. Kommunikasiya vasitələrinin açılması üzərində iş gedir. Dəmir yollarının, eləcə də şosse yollarının və digər nəqliyyat yollarının hərəkəti üçün ilkin şərait yaratmağa hazırlaşırlar. Amma bütün bunlar hələ ki, danışıqlar prosesi mərhələsindədir. Fikrimcə, hava dəhlizinin açılması çox uğurlu bir prosesdir. Çünki biz Ermənistan üzərindən Naxçıvana uçuşlar həyata keçirəcəyik. Ola bilsin ki, Ermənistan üzərindən Türkiyəyə də uçuşlar həyata keçirmək düşüncəmiz gerçəkləşsin. Hələ ki, Türkiyəyə uçuşlar Gürcüstan üzərində həyata keçirilir. Məncə, bu, Ermənistan üçün kifayət qədər cəlbedicidir. Çünki Ermənistan Azərbaycan üzərindən Orta Asiyaya, Asiyanın əksər dövlətlərinə, Rusiyanın bəzi ərazilərinə uçuşlar həyata keçirə bilər”.

Politoloqun fikrincə, bizim ərazimizdən Ermənistan daha çox istifadə edəcək, nəinki biz onun hava məkanından:

“Beynəlxalq Mülki Aviasiya Təşkilatının adıçəkilən məsələ ilə bağlı qəbul etdiyi və Azərbaycanın, Ermənistanın öhdəlik götürdüyü xüsusi konvensiya var. Həmin konvensiyaya uyğun olaraq qarşılıqlı hava yollarının müəyyənləşdirilməsi və həmin ölkənin üzərində uçarkən texniki xidmət, radar xidməti və digər xidmətlərin göstərilməsini də həmin dövlətlər öz üzərinə götürür. Bu hadisə həm də regionda kommunikasiya xətlərinin açılması kimi qəbul edilə bilər. Zənnimcə, bu hadisə prosesə ciddi təkan olacaq. Bu təkan həm də şosse və dəmir yollarının, rabitə xətlərinin açılması üçün bir siqnaldır. Bunun üzərində iş gedir. Üstəlik, Zəngəzur dəhlizinin açılması istiqamətində də danışıqlar prosesi davam edir. Ermənistanın hay-küy salması da elə Zəngəzur dəmir yolu xətti ilə bağlıdır. Amma Ermənistan bu dəmir yolu vasitəsi ilə Avropaya, Asiyaya çıxa biləcək. Bu, Ermənistan üçün daha əlverişli dəmiryolu xətti olacaq. Bu dəmir yolu xətti İrəvana qədər uzana bilər. Əvvəllər, sovet dövründə də belə idi, Bakı-İrəvan qatarı Mehri dəhlizindən və Naxçıvandan keçərək İrəvana gedirdi. Yəni perspektivlər kifayət qədər böyükdür. Bu məsələdə Ermənistanın konstruktiv yolundan kifayət qədər çox şey asılıdır”.

Gununsesi.info