“Ermənistan və havadarları Əliyevin bu mesajından ciddi nəticə çıxarmalıdır” - Deputat

  • By admin
  • 10 Noyabr 2022 12:20

“Prezident İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Şuşadakı çıxışında bir çox vacib məqamlara toxundu. Şanlı Zəfərə gedən yolda Azərbaycanın əldə etdiyi inkişafdan, həyata keçirilən uğurlu daxili və xarici siyasətdən geniş bəhs etdi. Qəhrəman Azərbaycan Ordusunun müharibədə böyük şücaət göstərdiyini, Azərbaycan xalqının vahid yumruq kimi birləşərək şanlı tarix yazdığını xüsusi vurğuladı. Prezident İlham Əliyevin çıxışındakı fikirlər Ermənistana, onun havadarlarına, bu ölkənin cinayət əməllərini, təxribatçı mövqeyini dəstəkləyən bütün dövlətlərə ciddi mesaj və xəbərdarlıqdır”.

Gununsesi.info xəbər verir ki, bu sözləri millət vəkili Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, reallıq ondan ibarətdir ki, bu gün Ermənistan öz havadarlarına arxayın olaraq yenə də təxribatlar törədir:

“Əlbəttə, bunlar birmənalı olaraq qəbuledilməzdir. Ermənistan tez bir zamanda bütün təxribatlara son qoymalıdır. İrəvan və havadarları bilməlidir ki, əgər təxribatlar davam etsə, bunun aqibəti Ermənistan üçün yaxşı olmayacaq. Azərbaycan heç vaxt Ermənistanın təxribatlarına göz yummayacaq. Bizim mövqeyimiz prinsipial və qətiyyətlidir”.

Deputat söyləyib ki, Prezidentin çıxışındakı digər bir mühüm məqam Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməkdən boyun qaçırmasıdır:

“Bu gün Qarabağdakı ermənilər Ermənistana rahat şəkildə gedib-gələ bilirlər. Azərbaycan Laçın dəhlizinə alternativ yol çəkib. Əgər bu gün ermənilər Qarabağa rahat gedib-gəlirlərsə, deməli, azərbaycanlılar da Naxçıvan Muxtar Respublikasına rahat gedib-gəlməlidirlər. Ermənistan bunun üçün şərait yaratmalı, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyini yerinə yetirməlidir. Sözügedən razılaşmada açıq şəkildə qeyd olunub ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazisindən çıxarılacaq. Lakin təəssüf ki, bu günə kimi bu məsələ həll olunmayıb. Ermənistan hərbçilərinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hələ də Qarabağda olduğunu görürük”.

C.Məmmədovun sözlərinə görə, İlham Əliyev çıxışında, həmçinin İrəvana himayədarlıq edən müsəlman dövlətlərinə, xüsusilə də İrana aydın mesaj ünvanladı:

“Müsəlman ölkələrin rəhbərləri nəzərə almalıdırlar ki, Ermənistan Azərbaycana qarşı çox sayda vəhşiliklər törədib, ermənilər vaxtilə işğal altında saxladıqları ərazilərdə məscidləri dağıdıblar, İslam mədəniyyətinin bir hissəsi olan dini abidələrimizi məhv ediblər, talayıblar. Müsəlman ölkəsi başçısının belə bir əməllər törədən Ermənistanın rəhbərini qucaqlaması, onunla öpüşməsi qəbuledilməzdir. Özünü müsəlman hesab edən bir dövlətin lideri bu addımı atmamalıdır. Ermənistan və onun havadarları Azərbaycan Prezidentinin Şuşadan etdiyi xəbərdarlıqlardan ciddi nəticə çıxarmalı, Zəngəzur dəhlizi mütləq açılmalı, sülh müqaviləsi imzalanmalıdır. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir. Bunu həm Ermənistan, həm də Ermənistanın havadarları ciddi şəkildə nəzərə almalıdır”.

Gununsesi.info