Ermənistana 34 milyon yardım ayırdılar

Avropa Komissiyası Rusiyanın ticarət məhdudiyyətlərindən zərər çəkmiş Ermənistanın özəl sektoruna dəstək məqsədilə bu ölkəyə 34 milyon avro məbləğində təcili maliyyə yardımı köçürüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Vəsait Avropa Komissiyasının sədri Ursula fon der Layen ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığından iki həftə sonra ayrılıb. Vurğulanıb ki, bu yardım Avropa İttifaqının Ermənistana dəstək barədə üzərinə götürdüyü öhdəlikləri operativ şəkildə yerinə yetirmək hazırlığını nümayiş etdirir.

Bu maliyyələşmə fon der Layen tərəfindən elan edilmiş daha geniş dəstək paketinin ilk tranşıdır. Proqram birbaşa maliyyə yardımından başqa, ticarətə kömək və ölkənin iqtisadi dayanıqlığının gücləndirilməsi tədbirlərini də nəzərdə tutur.

Avropa Komissiyasından bildirilib ki, Aİ və Ermənistan işgüzar əlaqələrin inkişafı və erməni istehsalçılarının xarici bazarlara çıxışının genişləndirilməsi istiqamətində işləri davam etdirəcəklər. Əlavə dəstək ticarət məhdudiyyətlərindən ən çox təsirlənən sahələrə, o cümlədən aqrar-sənaye, gülçülük və digər ixracyönümlü istehsalat sahələrinə yönəldiləcək.

Gununsesi.info