“Ermənistana Rusiya tərəfindən ciddi təzyiqlər yoxdur və bu da…” - ELMAN NƏSİROV

  • By admin
  • 28 Aprel 2017 16:18
elman-nesirov-2016
Təssüflər olsun ki,  Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı siyasətində xeyli anlaşılmaz məqamlar var ki, bu da haqlı olaraq Azərbaycan cəmiyyəti tərəfindən düzgün qarşılanmır.
Bu fikri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının  Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov deyib.
Onun sözlərinə görə, Rusiyanın qəbul etdiyi milli təhlükəsizlik konsepsiyasına əsasən MDB məkanı Rusiyanın  milli təhlükısizliyi üçün əsas  prioritet istiqamət hesab olunur:
“Cənubi Qafqaz da MDB məkanına aid edildiyindən bu region Rusiya üçün  strateji zona hesab olunur. O baxımdan da  Rusiya məsələyə bu cür yanaşdığından, bölgədə baş verən proseslərdə də öz müstəsna  hüquq və səlahiyyətlərindən istifadə  edir. Öz tələblərini irəli sürür”.
E. Nəsirov bildirib ki, belə olan təqdirdə, Rusiyanın Ermənistan-Azərbaycan  münaqişəsinin həllində  Ermənistana daha çox təsir etmək üçün əlində yetərincə mexanizmlər mövcuddur:
 “Ancaq bunların heç birindən istifadə etmir. Necə deyərlər,  Azərbaycan cəmiyyəti Rusiyanın Ermənistanla bağlı siyasətini heç cür anlaya bilmir və onun  davranışı birmənalı qarşılanmır. Moskvanın bu  hərəkəti  qeyri-səmimilik kimi dəyərləndirilir”.
Deputat əlavə edib ki, bu günlərdə Rusiyada erməni diasporunun rəhbərinin ad günüdə Rusiya XİN başçısı Sergey Lavrovun və prezident  Vladimir Putinin köməkçisi Dmitriy Peskovun iştirakı bunun bariz göstəricsidir:
el-nal-lav
“Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məqsədilə yaradılan ATƏT Minsk qrupunun həmsədr ölkəsi olaraq, belə bir ad gününda Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri ilə bir masa arxasında əyləşir. Axı, vasitəşilik missiyasını üzərinə götürən bir ölkənin separatçı ilə bir masa arxasında əyləşməsi obyektivlikdən, tərəfsizlikdən uzaqdır və tənzimləmə ilə bağlı üzərinə götürülən öhdəliklərlə ziddiyyət təşkil edir.  Onun münaqişənin həllində tutacağı obyektivliyə kölgə salır.  Odur ki, biz  münaqişənin həlli ilə bağlı Rusiyanın sərgilədiyi siyasətdə çox anlaşılmaz məqamların şahidi oluruq. Rusiyanın daha çox Ermənistanı dəstəklədiyini görürük. Bu, bir həqiqətdir. Bu da cəmiyətimizdə haqlı narazılıqlara yol açır” .
Moskvadakı Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşünə də toxunan deputat bildirib ki,  bu görüşün əsas mahiyyəti gələcəkdə prezidentlərin görüşünü təşkil etmək məqsədi daşıyır:
“Ancaq gəlin görək, Ermənistan bu danışıqlarda maraqlıdırmı? Əsla, yox! Biz onların görüş öncəsi sərgilədiyi mövqeləri izləsək görərik ki, hər vəchlə destruktiv mövqe tutaraq,  nəticəli görüşlərin baş tutmasını əngəlləyirlər. Əgər danışıqlar baş tutarsa da,  orada əsas məsələ deyil, ikinci, üçüncü dərəcəli məsələlərə yer ayrılsın. Bunun üçün də hər cür avantüraya əl atırlar. Məqsəd də odur ki, baş tutan danışıqlar nəticəsiz olsun. Bax, bugünkü reallıq bundan ibarətdir”.
E. Nəsirov bütün bunları nəzərə alaraq, aparılan danışıqlarda hər hansı optimizmə əsas verəcək bir məqam görmədiyini bildirib:
“Ona görə hesab edirəm ki, aparılan danışıqlarda elə də ciddi optimizmə əsas yoxdur. Çünki bu gün işğalçı Ermənistana ATƏT Minsk qrupunun həmsədr ölkələri, xüsusən də,  Rusiya tərəfindən ciddi təzyiqlər yoxdur. Münaqişənin həlli üçün təsirli mexanizm vasitəsi mövcud deyil. Belə olan şəraitdə işğalçı və cinayətkar dəstə daha yeni cinayətlər törətməkdə maraqlı olur. Reallıq budur. Ancaq keçən ilin aprel döyüşləri bir daha göstərdi ki, Qarabağ münaqişəsi  “dondurulmuş münaqişə” deyil və hər an müharibəyə çevrilə bilər”.
Mürtəza
 Gununsesi.info