Ermənistandakı proseslərin pultu Əliyevin əlindədir - Köçəryan

““Artsax Respublikası”, “öz müqəddəratını təyinetmə”, “suverenlik” kimi ifadələrin Ermənistan rəsmilərinin leksikonundan yoxa çıxması ona dəlalət edir ki, bizim ciddi problemlərimiz var”.

Gununsesi.info  Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.

O bildirib ki, hazırda Ermənistan danışıqlar masası arxasında yox, masanın üstündədir:

“Heç kim zəifləri və ağlayanları sevmir. Konsolidasiya kapitulyasiya ətrafında yox, gələcək qələbə ətrafında olur”.

Ermənistanın birinci prezidenti Levon Ter Petrosyanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasının zəruriliyinə toxunan Robert Köçəryan ad çəkmədən onu tənqid edib:

“Kapitulyasiya tənəzzülə və gücsüzlük hissinə səbəb olur. Yəqin ki, bu, bizə kapitulyasiya aktı imzalamağı təklif edən insanlara lazımdır”.

Köçəryan bildirib ki, Ermənistanın üzləşdiyi vəziyyəti dəyişmək mümkündür:

“Hakimiyyət ətrafında birləşmək nə deməkdir? Vəziyyəti dəyişdirmək üçün problemi müəyyən etmək və aradan qaldırmaq lazımdır. Bizə isə problemin həlli deyil, ətrafında birləşməyi təklif edirlər. Bu, absurddur”.

Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinə toxunan sabiq prezident deyib:

“Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin pultu Əliyevin əlindədir. Hər dəfə Qarabağa və ya Ermənistan ərazisinə hücum ediləndə burada anti-Rusiya dalğası yaranır. Türkiyənin hərəkətlərinə isə nə Rusiya, nə ABŞ, nə də Fransa əvvəlki kimi təsir edə bilmir”.

Gununsesi.info