
ABŞ-ın ATƏT-in Minsk Qrupundakı sabiq həmsədri Riçard Hoqlandın açıqlaması Ermənistanı əməlli-başlı bir-birinə qatıb. Ermənistan ictimaiyyətində ciddi ajiotaj yaranıb. Belə demək mümkünsə erməni cəmiyyətində ciddi apatiya yaranıb. Sadə ermənilər hakimiyyəti və siyasiləri ittiham etməyə başlayıb ki, əgər belə idisə, niyə o zaman bizim övladlarımızı mənasız yerə “ət maşınına” göndərib məhv edirdiniz.
Amerikalı diplomatın bu açıqlamsından sonra Ermənistandakı böhranlı siyasi durum daha da dərinləşib və amerikalı diplomatın fikirləri müxtəlif rakurslardan şərh edilməyə başlanıb. Erməni politoloqların, ekspertlərin, hətta xarici ölkələrdəki erməni diaspor təşkilatlarının açıqlamasını diqqətlə analiz etdikdə, onlar da İrəvanın işğalçılıq siyasətinin sonunun olmadığını və bu siyasətin sonda uğursuzluqla nəticələnəcəyi qənaətinə gəlməyə əsas verir. Onları da Ermənistanın gələcəyi və üzləşdikləri durumdan necə çıxacaqları ciddi narahat etdikləri ortadadır. Erməni ekspertlər hətta gələcəkdə Ermənistanın üzləşdiyi durumdan hansısa uduşlu variantdan çıxmaq üçün “bazarlıq“ ediləcək gücün olmayacağında və bütün böyük güclərin sonda onları aldadacağından ciddi təşviş keçirirlər. Bunu onların verdiyi açıqlamalardan açıq-aydın hiss etmək olar. Amerika erməni milli komitəsinin icraçı direktoru Aram Ambaryanın açıqlamasını götürsək, görərik ki, o, erməniləri ağılsız, səfeh yerinə qoyduğunu dilə gətirir.
Politoloq Step Safaryan amerikalı diplomatın bu fikrini erməni tərəfini aşağılamaq kimi dəyərləndirib. O eyni zamanda, Ermənistan hakimiyyətini danışıqlar masasında belə təkliflərin olduğu halda erməni cəmiyyətini məlumatlandırmamaqda ittiham edib. S.Safaryan bəyan edir ki, bu bir daha Azərbaycan tərəfinin danışıqlar masasında daha üstün mövqeyin olduğunu göstərir: “Hətta Azərbaycan zamanında Kazanda Ermənistan üçün biabırçı olan planı qəbul etmədi. Bu bir daha göstərir ki, bu gün Ermənistan bu şərtlərə razı olsa belə, Azərbaycan razı olamayacaq və daha ciddi şərtlər irəli sürəcək”.
Qlobal və regional əməkdaşlıq mərkəzinin rəhbəri Stepan Qriqoryan isə Safaryandan fərqli olaraq bunu Amerikanın Qarabağ məsələsində aktivləşməsinin nümunəsi kimi izah edib. O politoloq həmkarından fərqli olaraq hesab edir ki, əgər İrəvan münaqişənin tənzimlənməsində Moskvaya etibar edərsə, o zaman Qarabağı itirəcək. Onun fikrincə Moskva Bakı və Ankara ilə Avrasiya İttifaqı məsələsində anlaşmaya gedib Ermənistanı qurban verə bilər.
Politoloq Qarnik İsaqulyanın fikrincə, əslində Vaşinqton bununla İrəvana Sarkisyanın Soçidəki görüşünə adekvat olaraq belə açıqlama verib və reaksiyanı yoxlamaq istəyib: “Görsün ki, İrəvanın mövqeyində hansısa dəyişiklik mövcuddur ya yox”.
1in.am xəbər portalı isə amerikalı diplomatın açıqlamasını Ermənistan hakimiyyətinin yürütdüyü siyasətin uğursuzluğu ilə yanaşı, bunun ölkənin gələcəyi ilə bağlı cəmiyyətdə bir qorxunun yarandığına imkan yaratdığı qənaətindədir. Xəbər portalı hesab edir ki, Ermənistan hakimiyyətinin həyata keçirdiyi uğursuz siyasət nəticəsində bütün şanslarını itirdiyi qənaətindədir.
Amerikalı diplomatın verdiyi açıqlama və erməni cəmiyyətində yaranan həyəcan dolu təşviş bir daha İrəvanın hansı dalana dirəndiyi və bu dalandan çıxmanın mümkünsüzlüyünün göstəricisi kimi qeyd etmək olar. Erməni cəmiyyəti proseslərin bundan sonrakı gedişinin də İrəvan üçün ürəkaçan olmadığı qənaətindədir. Çünki bölgədə gedən geosiyasi və geoiqtisadi proseslərin heç də onların xeyrinə olmadığını görür və anlayır. Ancaq uzunmüddətli həyata keçirdikləri siyasət nəticəsində başqasının vassalına çevrilən İrəvan düşdüyü və üzləşdiyi vəziyyəti daha da mürəkkəbləşdirir.
Əgər geosiyasi və geoiqtisadi vəziyyətin dəyişəcəyi təqdirdə Vaşinqtona bel bağlayıb Moskvanın cəngindən qurtulmağa can atmaq niyyətini düşünürdüsə, Riçard Hoqlandın bu açıqlamsı onların bu ümidini də puça çıxarmış oldu.
Mürtəza Bünyadlı
Gununsesi.info











